Xəzər suyu içməli suya çevrilir: ADB-dən 140 milyon dollarlıq maliyyə
Layihə çərçivəsində əks osmos texnologiyası əsasında gündəlik 300 min kubmetr su istehsal edə biləcək zavodun tikintisi nəzərdə tutulur.

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun tikintisi layihəsinə 140 milyon dollar maliyyə dəstəyini təsdiqləyib. Kredit hər biri 70 milyon dollar olmaqla iki tranş şəklində təqdim ediləcək. Layihənin ümumi dəyəri 407 milyon dollar təşkil edir.
Layihə çərçivəsində əks osmos texnologiyası əsasında gündəlik 300 min kubmetr su istehsal edə biləcək zavodun tikintisi nəzərdə tutulur. Yüksək istehlak dövrlərində müəssisənin gücü 330 min kubmetrə qədər artırıla biləcək.
25 illik dövlət-özəl tərəfdaşlığı müqaviləsi əsasında həyata keçiriləcək layihə Azərbaycanın su sektorunda bu sahə üzrə ilk genişmiqyaslı müəssisə olacaq. Zavodda istehsal edilən su Bakı və Abşeron yarımadasının içməli su təminatına yönəldiləcək.
Layihənin əsas məqsədi su təchizatının keyfiyyətini və fasiləsizliyini artırmaqdır. Tikinti layihəsinin inkişaf etdiricisi Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti, baş podratçısı isə Çinin HDEC şirkətidir.
Asiya İnfrastruktur İnvestisiya Bankı da layihəyə 45 milyon dollar kredit ayrılmasını təsdiqləyib.