Capitalist.az
Elm və texnologiya

Dünyanın ən böyük neytrino detektorunun əsas hissəsinin tikintisinə başlanılıb

· 2 dəq ·

ABŞ və Avropadan olan mühəndislər dünyanın ən böyük neytrino detektorlarından biri hesab edilən DUNE layihəsinin əsas komponentlərinin – iki nəhəng kriostatın inşasına start veriblər.

Dünyanın ən böyük neytrino detektorunun əsas hissəsinin tikintisinə başlanılıb

ABŞ və Avropadan olan mühəndislər dünyanın ən böyük neytrino detektorlarından biri hesab edilən DUNE layihəsinin əsas komponentlərinin – iki nəhəng kriostatın inşasına start veriblər. Qurğular ümumilikdə 17 min tondan çox maye arqonun saxlanılması üçün nəzərdə tutulub.

Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) mətbuat xidmətinin məlumatına görə, kriostatlar DUNE (Deep Underground Neutrino Experiment) neytrino təcrübəsinin əsas elementlərindən olacaq.

Fermilab laboratoriyasının direktoru Norbert Holtkamp bildirib ki, DUNE layihəsinin həyata keçirilməsi qurumun əsas prioritetlərindən biridir. Onun sözlərinə görə, layihə kainat haqqında elmi biliklərin genişləndirilməsi ilə yanaşı, yeni texnoloji həllərin inkişafına da töhfə verəcək.

CERN-in məlumatına əsasən, tikiləcək kriostatların ölçüləri Boeing 747 təyyarəsinin ölçüləri ilə müqayisə edilə bilər. Bu nəhəng konstruksiyaların inşası üçün 6 200 tondan çox xüsusi polad, 2 600 polad tir və çoxsaylı yüksək texnologiyalı avadanlıqlardan istifadə olunacaq. Lazımi material və avadanlıqların böyük hissəsi artıq Yer səthindən 1,5 kilometr dərinlikdə yerləşən tikinti sahəsinə çatdırılıb.

Kriostatlar neytrino detektorlarını xarici radiasiya təsirlərindən qoruyan və onların işləməsi üçün zəruri şəraiti təmin edən xüsusi qurğulardır. Bu sistemlərdə saxlanılacaq maye arqon neytrinoların qarşılıqlı təsirlərini qeydə almağa imkan verəcək.

Layihədə CERN mütəxəssisləri də mühüm rol oynayırlar. Bu, təşkilatın Avropadan kənarda həyata keçirilən elmi layihəyə verdiyi ən böyük töhfələrdən biri hesab olunur. CERN daha əvvəl DUNE üçün kiçik prototip detektorlar olan ProtoDUNE qurğularının hazırlanmasında da iştirak edib.

Mövcud plana əsasən, kriostatların və digər əsas komponentlərin inşasının 2029-cu ildə başa çatdırılması nəzərdə tutulur. 2030-cu ildə detektorların yığılması yekunlaşmalı, elmi tədqiqatların isə 2031-ci ildə başlaması planlaşdırılır.

3,2 milyard dollardan artıq büdcəyə malik DUNE layihəsi ABŞ-ın Cənubi Dakota ştatında yerləşən Sanford Yeraltı Tədqiqat Mərkəzində (SURF) həyata keçirilir. Təcrübə Yer səthindən təxminən 1,5 kilometr dərinlikdə yerləşdiriləcək və maye arqonla doldurulacaq iki detektordan ibarət olacaq.

Alimlər DUNE vasitəsilə neytrinoların kütləsi və xassələri haqqında daha dəqiq məlumat əldə etməyi, eləcə də kainatda maddənin antimaddədən nə üçün üstünlük təşkil etdiyini anlamağa çalışırlar. Tədqiqatların uğurlu nəticələri müasir fizikanın ən mühüm suallarından bəzilərinə cavab verə bilər.

Oxşar xəbərlər