Rusiyanın federal büdcəsinin kəsiri 5,2 trilyon rubla çatıb
Rusiya Maliyyə Nazirliyi 2026-cı ilin yanvar-oktyabr ayları üzrə federal büdcənin icrasına dair göstəriciləri açıqlayıb.

Rusiya Maliyyə Nazirliyi 2026-cı ilin yanvar-oktyabr ayları üzrə federal büdcənin icrasına dair göstəriciləri açıqlayıb. Hesabat dövründə büdcə kəsiri 5,2 trilyon rubl təşkil edib ki, bu da ölkənin ümumi daxili məhsulunun (ÜDM) 2,3 faizinə bərabərdir.
Nazirliyin məlumatına görə, 2026-cı ilin ilk 10 ayında federal büdcənin gəlirləri 33,176 trilyon rubl olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.
Hesabat dövründə büdcə xərcləri isə 38,4 trilyon rubla çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artıb.
Rusiya Maliyyə Nazirliyi gəlir və xərclər arasındakı fərqin yaranmasını əsas prioritetlərin maliyyələşdirilməsi üçün xərclərin artması və neft-qaz gəlirlərinin azalması ilə əlaqələndirib.
Qurumun açıqlamasında bildirilir ki, bu amillər büdcənin struktur balansı üzrə hədəf göstəricilərdən müəyyən kənarlaşmalara səbəb olub. İlkin proqnozlara əsasən, 2026-cı ilin yekununda əsas struktur səviyyəsində büdcə kəsirinin ÜDM-in 1,8 faizi həddində olacağı gözlənilir.
Nazirlik həmçinin qeyd edib ki, struktur kəsirinin genişlənməsi əsasən federal kredit istiqrazları (OFZ) bazarında əlavə borclanmaya müraciət edilmədən maliyyələşdirilir. Əlavə borclanmanın həcmi 1 trilyon rublla məhdudlaşdırılıb.
Rusiya Maliyyə Nazirliyinin fikrincə, bu yanaşma büdcədənkənar sektor üçün kredit resurslarının əlçatanlığını qorumağa və maliyyə bazarlarında sabitliyi təmin etməyə xidmət edir.