Məşğulluq sahəsində uğur: “Araz” iki nominasiya üzrə təltif edildi
Şirkət gənclərin və qadınların məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə Dövlət-Biznes Əməkdaşlığı Forumunda təltif edilib.

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi məşğulluq sahəsindəki fəaliyyətinə görə iki nominasiya üzrə mükafata layiq görülüb. Şirkət gənclərin və qadınların məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə Dövlət-Biznes Əməkdaşlığı Forumunda təltif edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən forum ölkədə ilk dəfə təşkil olunub. Tədbirin əsas məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirmək, əmək bazarının aktual məsələlərini müzakirə etmək və yeni tərəfdaşlıq imkanları yaratmaq olub.
Forumda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşğulluq siyasətinin inkişafı, sosial islahatlar və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
“Araz” supermarketlər şəbəkəsinin iki nominasiya üzrə mükafatlandırılması şirkətin sosial məsuliyyət və inklüziv məşğulluq istiqamətində fəaliyyətinin qiymətləndirilməsi kimi diqqət çəkir. Şirkət gənclərin əmək bazarına inteqrasiyasına, qadınlar üçün iş imkanlarının genişləndirilməsinə və bərabər məşğulluq şəraitinin yaradılmasına xüsusi önəm verir.