Kəlbəcər: Müzəffər Ali Baş Komandanın xalqa bəxş etdiyi qiymətsiz Zəfər hədiyyəsi
Ürəklərdə yaşayan dağlar diyarı.

Ürəklərdə yaşayan dağlar diyarı
Hər xalqın tarixində elə günlər olur ki, illərin həsrəti bir anda ümidə çevrilir. Azərbaycan üçün belə günlərdən biri 2020-ci il noyabrın 25-dir. Həmin gün Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə qaytarılıb və 27 illik işğala son qoyulub. Bu gün Prezident İlham Əliyevin 25 noyabr 2020-ci ildə xalqa verdiyi hədiyyə kimi xatırlanır. Hədiyyənin dəyəri təkcə torpaqda deyil, ədalətin bərpasında, kəlbəcərlilərin üzünə qayıdan təbəssümdədir.
İtirilmiş torpağın acısı
Kəlbəcər Azərbaycanın ən böyük rayonlarından biridir. Dağları, soyuq bulaqları, şəfalı İstisu suları, qədim abidələri və cəsur övladları ilə tanınır. 1993-cü ilin aprelində rayon işğal edildi. Dövrün ağrısı BMT Təhlükəsizlik Şurasının qətnamələrində qeydə alındı, lakin qərarlar uzun illər kağız üzərində qaldı. Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsinin Azərbaycan dövləti tərəfindən icrasının təmin edilməsi deməkdir.
İşğal vaxtı rayonun əhalisi 2020-ci il yanvarın 1-nə olan məlumata görə 77 min nəfərdən çox idi. Kəlbəcərlilər bu illər ərzində ölkənin müxtəlif yerlərində məcburi köçkün kimi yaşadılar. Onların çoxu doğma yurda yalnız xəyalda qayıda bildi. Hər ailənin evdə qalan bir xatirəsi, bir açarı, bir arzusu var idi.
Qələbədən Kəlbəcərə gedən yol
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu cəbhədə bir-birinin ardınca uğurlar qazandı. Cəbrayıl oktyabrın 4-də, Füzuli oktyabrın 17-də, Zəngilan oktyabrın 20-də, Qubadlı oktyabrın 25-də, Şuşa isə noyabrın 8-də işğaldan azad edildi. Şuşanın azad olunması müharibənin həlledici mərhələsi oldu.
Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli Bəyanat imzalandı. Sənədə əsasən 2020-ci il noyabrın 15-dək Kəlbəcər, noyabrın 20-dək Ağdam, dekabrın 1-dək isə Laçın rayonları Azərbaycana qaytarılmalı idi. Daha sonra tərəflər Kəlbəcərin təhvil prosesinin noyabrın 25-nə qədər təxirə salınması barədə razılığa gəldilər. Kəlbəcərin işğaldan azad edilməsindən 6 il ötür .
25 noyabr: Bayraq dağlara qayıdır
Azərbaycan ordusu noyabrın 25-nə keçən gecə Kəlbəcərə Daşkəsən və Göygöl rayonları tərəfdən daxil oldu. Həmin səhər Prezident İlham Əliyev xalqa müraciət etdi: Bu gün Kəlbəcər rayonunun işğaldan azad olunduğunu bildirdi, bütün xalqı təbrik etdi və kəlbəcərlilərə "gözünüz aydın olsun" dedi.
Rəsmi mənbələrə görə, Üçtərəfli Bəyanata əsasən həmin gün Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi bir güllə atılmadan Azərbaycana təhvil verildi. Bu fakt Ordunun gücünün, siyasi iradənin və diplomatik uğurun nəticəsi kimi qiymətləndirilir. Kəlbəcər müharibənin hərbi gücünü sülh şəraitində torpağın qaytarılmasına çevirən hadisə oldu.
Prezidentin ürək sözləri
Müraciətində İlham Əliyev Kəlbəcərin işğalının milli faciə olduğunu xüsusi vurğuladı. Ölkə rəhbəri qədim diyarın tarixi abidələrinə və təbiətinə ağır ziyan dəydiyini də qeyd etdi. Bu sözlər bərpa və quruculuq prosesinin başlanğıc nöqtəsi oldu. Qayıdış təkcə ərazi məsələsi deyildi. İşğal illərində zədələnmiş tarixi-mədəni irsin və təbiətin də bərpası nəzərdə tutulurdu.
Yaddaşın əbədiləşdirilməsi
Kəlbəcərin azadlığı dövlət səviyyəsində də əbədiləşdirilib:
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Kəlbəcərin azad olunması uğrunda döyüşlərdə iştirak edən hərbi qulluqçuların təltif edilməsi üçün "Kəlbəcərin azad olunmasına görə" medalı təsis edilib.
Bu qərarlar həm igidlərə ehtiramın, həm də gələcək nəsillərə tarixi yaddaşın ötürülməsinin ifadəsidir.
Dağlar diyarının yeni həyatı
Azad olunmuş Kəlbəcərdə yol, enerji, kommunikasiya və yaşayış infrastrukturu yenidən qurulur. AZƏRTAC-ın məlumatına görə, Kəlbəcərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır və bu il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. Bu qayıdış kəlbəcərlilərin otuz ilə yaxın gözlədiyi anın gerçəkləşməsidir.
Gələcəkdə Kəlbəcərin turizm, sağlamlıq, kənd təsərrüfatı və enerji potensialının ölkə iqtisadiyyatına töhfə verəcəyi gözlənilir. Təmiz havası, mineral suları və zəngin təbiəti ilə bu diyar yenidən Azərbaycanın nəfəsinə çevrilə bilər.
Kəlbəcərin azad olunması Azərbaycan xalqının iradəsinin, Ordunun şücaətinin və dövlət başçısının qətiyyətinin birgə nəticəsidir. 25 noyabr yalnız bir rayonun deyil, bütün xalqın ədalətə qovuşduğu gündür. Şəhidlərin ruhu qarşısında baş əyir, qazilərə minnətdarlığımızı bildiririk. Kəlbəcər indi yenidən dağların qürurla başı uca tutduğu, bulaqların şaqqıltısı ilə uşaq səslərinin qarışdığı yurda qayıdır.