Çin və İsveçrə arasında yeni ticarət razılaşması
Tərəflər bununla bağlı mövcud sərbəst ticarət müqaviləsini yeniləyən protokol imzalayıblar.

Çin və İsveçrə iki ölkə arasında ticarət olunan malların 99%-nə tətbiq edilən gömrük tariflərini aradan qaldırmaq barədə razılığa gəliblər. Tərəflər bununla bağlı mövcud sərbəst ticarət müqaviləsini yeniləyən protokol imzalayıblar. Saziş hər iki ölkədə daxili təsdiqləmə prosesləri başa çatdıqdan sonra qüvvəyə minəcək.
Xinhua agentliyinin məlumatına görə, protokol Pekində Çin prezidenti Si Cinpin və İsveçrə prezidenti Qay Parmelin tərəfindən imzalanıb. 2014-cü ildə qüvvəyə minən əvvəlki müqavilənin yenilənməsi iki ölkə arasında ticarətin daha da genişlənməsinə şərait yaradacaq.
Çin və İsveçrə arasında sərbəst ticarət müqaviləsi ilk dəfə 2013-cü ildə imzalanıb. Bu, Çinin kontinental Avropa ölkəsi ilə bağladığı ilk belə saziş olub.
Müqavilənin yenilənməsi ilə bağlı danışıqlar 2024-cü ilin sentyabrında başlayıb. Beş raund danışıqlardan sonra tərəflər bu ilin avqustunda razılığa gəliblər.
Sazişin yenilənməsi İsveçrənin Çinlə ticarət əlaqələrini gücləndirmək istədiyini göstərir. Bu addım Avropa İttifaqının Çin mallarına qarşı ticarət məhdudiyyətlərini artırmağı müzakirə etdiyi bir vaxta təsadüf edir.