ASUS telefon istehsalını dayandırmağa hazırlaşır
Hələ 2025-ci ilin sonunda şirkətin telefon istehsalını müvəqqəti dayandıra biləcəyi barədə məlumatlar yayılmışdı.

ASUS smartfon bazarından tamamilə çıxa bilər. Məlumatlara görə, Tayvan şirkəti mövcud smartfon modellərinin istehsalını dayandırıb və anbar ehtiyatları da tükənib.
Şirkət daha əvvəl 2026-cı ildə yeni smartfon modelləri təqdim etməyi planlaşdırmadığını açıqlamışdı. ASUS-un son modelləri ROG Phone 9 və Zenfone 12 Ultra olub. Hazırda bu modellərin davamçılarının hazırlanması ilə bağlı heç bir məlumat yoxdur. Zenfone 12 Ultra bəzi qiymət müqayisə platformalarından da yoxa çıxıb ki, bu da ehtiyatların tükənməsinə işarə edir.
Bildirildiyinə görə, ASUS optimallaşdırma tədbirlərinə baxmayaraq, smartfon biznesində zərər etməyə davam edib. Hələ 2025-ci ilin sonunda şirkətin telefon istehsalını müvəqqəti dayandıra biləcəyi barədə məlumatlar yayılmışdı. Buna görə də, bazardan çıxmaq ehtimalı son aylarda yaranan siqnalların davamı kimi qiymətləndirilir.
ASUS-un smartfon bazarına qayıtması da çətin görünür. 2026-cı ilin əvvəlindən komponentlərin qiymətləri artıb, istehlakçı xərcləri isə azalıb. Xüsusilə yaddaş komponentlərinin bahalaşması istehsal xərclərini artıraraq bu sahədə gəlir əldə etməyi çətinləşdirib.
Bununla belə, ASUS smartfon bazarından tamamilə çıxacağını hələ rəsmi şəkildə təsdiqləməyib. Mövcud məlumatlara əsasən, ROG Phone 9 və Zenfone 12 Ultra şirkətin son smartfon modelləri ola bilər.