Həyatınızda heç “Bu işi etməyə çalışsam, uğursuz olaram, ən yaxşısı, heç başlamayım.” dediyiniz olub? Bəs qorxularınız ucbatından sizə gələcəkdə böyük fayda verə biləcək işlərdən qaçdığınız olubmu? Əmin olun ki, çoxumuz həyatımızın müəyyən anlarında belə düşünmüş və bu qorxuları yaşamışıq.  Uğursuzluq qorxusu insanı passivləşdirir, bu qorxuya görə bəzən bir addım da irəli gedə bilmirik. Gəlin araşdıraq. Uğursuzluq qorxusunun səbəbləri nələrdir? Uğursuzluq qorxusunun bir çox səbəbləri var. Məsələn, hər şeyi tənqid edən və dəstək olmaq əvəzinə ruhdan salan valideynlər tərəfindən böyüdülən uşaqlar uğursuzluqdan qorxurlar. Tutaq ki, bir neçə il əvvəl böyük bir qrup qarşısında çox vacib bir təqdimat etdiniz, amma işlər istədiyiniz kimi getmədi, ona görə də, pis çıxış etdiniz.  Bu vəziyyət sizə o qədər təsir etdi ki, başqa işlərdə uğursuzluqdan qorxmağa başladınız və illər keçsə də, bu qorxunu üzərinizdən ata bilmirsiniz. Uğursuzluq qorxusunun göstəriciləri:
  • Yeni şeylər sınamaq istəməmək və çətin layihələrdə iştirak etməkdən çəkinmək;
  • Özünü sabotaj – Ediləcək işləri təxirə salmaq, həddindən artıq narahat olmaq və ya heç cür məqsədlərə çata bilməmək;
  • Özgüvən əksikliyi;
  • Mükəmməliyyətçilik;
Uğursuzluq qorxusuna necə qalib gəlmək olar?
  • Öncəliklə, bunu qəbul etmək lazımdır: Hansı işdə olmağımızdan asılı olmayaraq, hər zaman uğursuz olmaq ehtimalı var.
  • İşinizin bütün mümkün nəticələrini təhlil edin: Qəbul etdiyiniz qərarların bütün mümkün nəticələrini nəzərə alaraq bu qorxunun öhdəsindən gəlin.
  • Daha pozitiv düşünməyi öyrənin.
  • Ən pis vəziyyət ssenarilərini nəzərdən keçirin.
  • Gözlənilməyən nəticələr üçün B planı qurun.
  • Kiçik hədəflər qoyun. Bu hədəflər nə çox asan, nə çox çətin olmalıdır. Bu hədəfləri yerinə yetirdikcə özgüvəniniz də artacaqdır.
  • Uğursuzluq qorxusu bəzən daha ciddi psixoloji pozğunluğun əlaməti ola bilər.  Bu qorxu gündəlik həyatınızın hər sahəsinə çox təsir edirsə, psixiatra getməyiniz tövsiyə olunur.
Sonda unutmayın ki, uğursuz olmadan uğurlu olmaq mümkün deyil.