
Dünyanın ən böyük elektrik avtomobil istehsalçısı Tesla-nın qlobal əməliyyatlarının və gəlirliliyinin açarı olan Tesla Giga Şanxay tədarük problemlərinə görə istehsalını dayandırdığını açıqladı.
Covid-19 epidemiyası zamanı tətbiq edilən məhdudiyyətlər səbəbindən şəhərdə təchizat problemi yaşayan Tesla Şanxaydakı müəssisəsində istehsalı dayandırmaq qərarına gəldi. Amerika avtomobil nəhəngi aprelin 19-da qismən istehsala qayıtdı.
Tesla Giga Şanxayda məhdud sayda işçi ilə tək növbədə 11 gün ərzində 10 757 avtomobil istehsal edilib.
Aprel ayı Çində Tesla üçün çətin ay oldu. Böyük şəhərləri vuran daha bir Covid-19 dalğası sənaye bölgələrindəki bütün istehsal müəssisələrinin bağlanmasına səbəb oldu. Tesla fabrikinin yerləşdiyi Şanxay ən sərt tədbirlər görən şəhərlərdən birinə çevrilmişdi.
Bir az fasilədən sonra Şanxay hökuməti istehsalın bərpasına icazə verdi, lakin ağ siyahıya alınmış müəssisələr qapalı sistemdə fəaliyyətə başlamalı oldu. Aprelin 19-na olan məlumata görə işçilərin yarısından azı sutkada 24 saat qaldıqları Giga Şanxaya qayıdıb.
Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) məlumatına görə Tesla Giga Şanxay 11 gün ərzində 10 757 Model Y və Model 3 avtomobil istehsal edib. Bu, gündə təxminən 977 avtomobil istehsalına təsadüf edir. Nəzərə alsaq ki, fabrik həmişəki kimi üç növbədə deyil, bir növbədə işləyir, bu, Çin komandasının nə qədər gərgin işlədiyini əks etdirən olduqca yüksək nəticədir.
Lakin tədarük çatışmazlığı səbəbindən istehsalı dayandırılan fabrikdə istehsalın nə vaxt bərpa ediləcəyi hələlik qeyri-müəyyən olaraq qalır.
Tesla CEO-su Elon Musk Twitter sosial media platformasında "Tesla Çin komandamız əladır" sözlərini paylaşdı.