GİRİŞ Böyük rəqabətin olduğu qlobal bazarlarda məhsulların bazara çatdırılma vaxtının azaldılması və müştəri gözləntilərinin artması müəssisələri təchizat zəncirlərinə yönəltməyə və sərmayə qoymağa vadar etmişdir. Bundan əlavə, rabitə və nəqliyyat texnologiyalarında (mobil telefon, İnternet, 24 saat çatdırılma və s.) davam edən dəyişikliklər təchizat zənciri idarəetmə metodlarının davamlı inkişafını təşviq etmişdir. Təchizat zəncirinin səmərəli idarə edilməsi ilə müəssisələr bazarda baş verən dəyişikliklərə və müştəri tələblərinə uyğunlaşmağı hədəfləməktədir. Təchizat zənciri, mal və materialların əldə edildiyi, yarı bitmiş məhsullara və hazır məhsullara çevrildiyi və bu məhsulların müştərilərə paylanıldığı bir şəbəkədir. Təchizat zənciri idarəçiliyində, materialın alınmasından son müştəriyə çatdırılmasına qədər tədarük zəncirində yer alan tədarükçülər, istehsalçılar, distribyutorlar, pərakəndə satıcılar arasında material, pul və məlumatın idarə edilməsi həyata keçirilir. Təchizat zəncirinin idarə edilməsinin məqsədi, istehsal qabiliyyətinin artırılması, bazara qarşı həssaslığın artırılması və istehlakçılarla təchizatçılar arasındakı əlaqələrin yaxşılaşdırılması yolu ilə iş performansını artırmaqdır. Təchizat Zəncirinin İdarə Olunmasının Funksiyaları Təchizat zəncirində uğur qazanmaq üçün təchizat zəncirinin idarə olunmasını təşkil edən elementləri daha yaxşı anlamaq lazımdır. Bu mənada  Təchizat Zəncirinin İdarə Edilməsi Mütəxəssisləri Şurası təchizat zəncirini 5 funksiya ilə ümumiləşdirmişdir. Planlaşdırma, tədarük (satınalma), istehsal, paylama (dağıtım) və tərsinə təchizat zənciri. Planlaşdırma: Təchizat zəncirinin idarə olunmasının strateji mərhələsini təşkil edir. Planlaşdırma zamanı şirkətin istehsal etdiyi məhsul və ya xidmətin istehsalı üçün lazım olan qaynaqların (xammal, əlavə materiallar və s.) və ümumi proses ilə bağlı fəaliyyətlərin planlaşdırılması və idarə edilməsi həyata keçirilir. Satınalma (tədarük): Bu funksiya, müştərilərin sifarişlərini vaxtında, yüksək keyfiyyətlə və sərfəli şəkildə qarşılayacaq material və məhsulları optimal qiymət, keyfiyyət və sürətlə təmin etmək funksiyasıdır. Ümumilikdə satınalmada effektivik və səmərəliliyin təmini üçün yalnız xərc yox, həm də stok nəzarəti, təchizatçı idarəçiliyi, satın alınan məhsulun logistikası və satınalma prosesləri planlaşdırılmalı və idarə edilməlidir. İstehsal: Müəssisənin bazara təqdim etdiyi məhsul və ya xidmətlərin hazırlandığı bu proses təchizat zəncirinin uğur qazanmasına təsir edən bir funksiyadır. İstehsalın vaxtında və ən aşağı xərclə həyata keçirilməsinin zəruriliyinə əlavə olaraq, istehlakçının gözləntilərinin və tələblərinin qarşılanması zərurəti də istehsal funksiyasının əhəmiyyətini artırır. Paylanma (Dağıtım): Məhsulun istehsal nöqtəsindən və ya stoklardan istehlakçıya çatdırılması prosesidir. Satışa hazır məhsulların anbarlardan müştərilərin istədiyi nöqtələrə paylanması məqsədi ilə həyata keçirilən bütün işlər bu prosesə daxildir. Geri dönüş/tərsinə təchizat zənciri: Tərsinə təchizat zəncirinin məqsədi təkrar istifadə edilə bilən məhsulları yenidən təchizat zəncirinə qaytarmaqdır. Bu məqsəddən başqa, istehlakçılar tərəfindən geri qaytarılmış məhsulların tədarük zəncirində iştirak etmək və onları şirkət üçün faydalı etmək tərsinə təchizat zəncirinin məqsədlərindəndir. Təchizat zənciri qeyri-müəyyənlik şəraitində işləyə biləcək şəkildə qurulmalıdır. Təchizat zəncirinin idarə olunmasını çətinləşdirən  amillər, zəncirdə çox sayda müəssisənin olması, zəncir üzvlərinin fərqli idarəetmə strukturları, fərqli təchizat zəncirinin kəsişmələri, müəssisələrin müstəqil hərəkət etmə istəyi və güclü zəncir üzvlərinin davranışları, böhranlara hazır olma vərdişi, informasiya texnologiyaları çatışmazlıqlar sayılır. NƏTİCƏ Bu gün ölkəmizdəki müəssisələr tərəfindən təchizat zəncirinin idarə edilməsi sisteminin əhəmiyyəti yaxşı başa düşülür və qəbul edilir. İnkişaf etməkdə olan informasiya-kommunikasiya texnologiyalarının köməyi ilə müəssisələr arasında inteqrasiya və əməkdaşlığın dəyər yaradan şəkildə yayıldığı görünür. Müasir dünyada şirkətlər bir-biri ilə rəqabət aparır. Onların bir hissəsi olmaq anlayışı əvəzinə, bu mühitdə ölkəmizdəki müəssisələrin rəqabətədavamlı qalması üçün tədarükçüləri və müştəriləri ilə əməkdaşlıq yollarını daha da irəli apararaq,  işgüzar tərəfdaşlıq prinsipi ilə hərəkət etməli, etimad mühiti yaratmalı və iş proseslərini bir-birlərinə açmalıdırlar. Bizneslərini gələcək nəsillərə ötürməlidirlər . Beləliklə, tədarük zənciri daxilində sərhədlərin yox olması ilə yaradılacaq bir idarəetmənin, müəssisələrin məqsədlərini bir-bir optimallaşdırmaq əvəzinə, bütün təchizat zənciri üzvləri üçün daha çox fayda əldə etməsinə  imkan verəcək.