Keçən ay Dünya Kubokunun finalında qazanılan qalibiyyət Lionel Messini, nəslinin ən böyük futbolçusu kimi statusunu möhkəmləndirdi.
Ancaq tarixin ən möhtəşəm finalı olan həyəcanlı qarşılaşma həm də ev sahibi Qətərin qələbəsi idi. Messi Argentina üçün kuboku qaldırmazdan əvvəl, fransalı Kylian Mbappe 1966-cı ildən sonra finalda ilk het-trikə imza atdı. Bu futbolçuların hər ikisi Qətərə məxsus Paris Saint-Germain klubunda oynayır.
Nüfuzlu idman tədbirinin başa çatması ilə Qətər, idmana təkan verməsində davamlılığını saxlamağa çalışır. Çünki kiçik səhra dövləti iqtisadiyyatını neft və qazdan uzaqlaşdırmağa və investor kimi nüfuzunu gücləndirməyə çalışır.
İndi nəzərdən keçirilən variantlardan biri İngiltərə Premyer Liqasına investisiya qoymaqdır. 2011-ci ildə PSJ-ni satın alan və dövlət tərəfindən dəstəklənən "Qatar Sports Investments" bu yaxınlarda Tottenham Hotspur klubu ilə ilkin danışıqlar aparıb.
QSI həmçinin "padel"ə (squash və tennis elementlərini birləşdirən niş idman növü) və Qətər Qran Prisi vasitəsilə "Formula 1"-ə maraq göstərir. Üstəlik, Qətər Yaxın Şərqdə dominant idman yayımçısı və Avropada böyük operator olan beIN-in sahibidir.
QSI əvvəllər də ingilis futboluna investisiyada maraqlı olub. O, 2019-cu ildə, Çempionşipdə olarkən Lids Yunayted klubu ilə mümkün investisiya danışıqları apardı, lakin razılığa gələ bilmədi.
Şirkət, keçən il bir neçə futbol komandasına sərmayə qoyaraq, çox klublu bir modellə davam etmək qərarına gəldi. Fond Dünya Kubokundan bir neçə həftə əvvəl ilk addımını ataraq, hazırda Portuqaliyanın yüksək divizionunda ikinci olan klub SC Braga-da təxminən 19 milyon avroya 22% pay əldə etdi. QSI həmçinin Belçika, İspaniya və Braziliyada da mümkün variantları nəzərdən keçirib.
Fond, eyni vaxtda ABŞ investorları ilə PSJ-dəki potensial pay satışı ilə bağlı danışıb. QSI-nin sədri və futbol klubunun prezidenti Nasser Al-Khelaifi noyabr ayında demişdi ki, gələcək müqavilədə PSJ üçün 4 milyard avrodan yuxarı qiymət əldə edəcəyini gözləyir.
Qətərlilərin Premyer Liqaya keçməsi ambisiyalarda bir addım olacaq. Lakin onlar PSJ-nin mülkiyyəti ilə mümkün münaqişələrdən qaçmağa çalışacaqlar. Belə ki, idarəetmə orqanı olan UEFA, eyni qurumun nəzarətində olan klubların Avropa yarışlarında bir-biri ilə yarışmasını qadağan edir.
Bu proseslər sözsüz ki, ucuz başa gəlməyəcək. Keçən il Chelsea FC-nin bir qrup ABŞ investoruna 2,5 milyard funt-sterlinqə satılması futbol klublarının qiymətləndirilməsi üçün meyarları artırdı. Yəni yüksək səviyyəli komandaya kiçik bir investisiya belə asanlıqla yüz milyonlarla funt-sterlinqə çata bilər.
Qətər izləyiciləri, futbolda ən zəngin və ən çox baxılan liqa olan Premyer Liqaya sərmayə qoymaq qərarının bir sıra səviyyələrdə məntiqli olduğunu bildirdilər.
Maliyyə baxımından liqa rəqabətdə çox qabaqdadır. Bu il nəzərdə tutlan gəlirlər "Deloitte" layihələri, ABŞ və Skandinaviyadakı böyük yeni TV sövdələşmələri sayəsində 6 milyard funt-sterlinqdən çox olacaq. Bu arada, Fransa liqasının 2 milyard avrodan az gəlir əldə edəcəyi gözlənilir.
"Körfəz" ölkələri Premyer Liqada dərinləşən əlaqələrə malikdir. Belə ki, Əbu-Dabinin kral ailəsinin üzvü 2008-ci ildə “Mançester Siti”ni bütün dünyada klublar şəbəkəsi yaratmazdan əvvəl alıb. Komanda ələ keçirildikdən sonra altı dəfə Premyer Liqanı qazandı, baxmayaraq ki, klub Çempionlar Liqasındakı qələbə indiyə qədər həsrətdir.
Bu arada, Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu 2021-ci ildə Nyukasl Yunayted-i təxminən 300 milyon funt-sterlinqə satın alan konsorsiuma rəhbərlik edib. 200 milyon funt-sterlinqdən çox oyunçu alışından sonra komanda indi liqada dördüncüdür.
Mançester Metropolitan Universitetinin idman menecmenti və siyasəti üzrə baş müəllimi Paul Michael Brannagan "İdman iqtisadi təsir yaratmaq üçün əsas şəbəkədir. Bu ölkələrin hamısı eyni şeyi edir. Əgər siz Qətərsinizsə və ən yaxın regional qonşularınızın hər ikisinin Premyer Liqa komandalarının olduğunu görürsünüzsə - siz kənarda qalmış sayılırsınız" - deyə açıqlamasında bildirib.
QSI-nin PSJ-yə hazırkı sərmayəsi meydanda uğur qazandı. Komanda son 10 Fransa çempionluğundan səkkizini qazandı, baxmayaraq ki, o da Mançester Siti kimi hələ də Çempionlar Liqasını qazana bilməyib.
Lakin layihənin xərcləri yüksək olub, xüsusən də Avropanın böyük beşliyinin ən aşağı gəliri olan liqada. Transfermarkt-ın məlumatına görə, son on ildə PSJ-nin sahibləri transferlərə 1,5 milyard avro xərcləyib. Nəticədə oyunçu ticarətindən 982 milyon avro xalis zərər yaranıb. Yalnız Mançester Siti və Mançester Yunayted bu müddətdə PSJ-dən daha çox məbləğ itirib. PSJ-nin fransız rəqiblərinin çoxu isə ticarət fəaliyyətindən qazanc əldə edib.
Bu rəqəmlərə hələ oyunçuların maaşları daxil deyil. Onları da nəzərə alsaq, Messinin gəlişindən və Mbappe üçün yeni müqavilədən sonra PSJ-nin verdiyi maaş keçən mövsüm 45% artaraq 708 milyon avroya yüksəlib. Bu, "Football Benchmark"-a görə idman rekordudur . Artan xərclər, elit rəqiblər olan Mançester Siti və Real Madridin hər ikisinin mənfəət əldə etdiyi bir ildə, PSJ-ni vergidən sonra 369 milyon avro itkiyə sürüklədi.
QSI İngiltərə futbolunda öz seçimlərini nəzərə alaraq, hər hansı bir qərara iki amil təsir edə bilər. Parisdə olduğu kimi, yerləşmə əsas olacaq. London artıq Qətər sərmayəsi üçün bir məkandır. Onlar, "Harrods" dəbdəbəli univermağına, "Shard" göydələninə və "Heathrow" hava limanında 20% paya sahibdir. Buna görə də bu şəhərdə yerləşən bir komandaya sahib olmaq daha məntiqli sayılır.
Əbu-Dabinin artıq Mançesterdə və Səudiyyə Ərəbistanının İngiltərənin şimal-şərqində olması ilə, Böyük Britaniyanın paytaxtı "Yaxın Şərq pulları" üçün istifadə olunmamış futbol bazarı olaraq qalır.
Belə görünür ki, Qətər, hazırda cədvəlin zirvəsində mübarizə aparmayan komanda axtaracaq. Beləliklə, hər ikisi hazırda yeni investorlar və ya potensial açıq satış axtarışında olan Mançester Yunayted və ya Liverpool-a investisiya etmək çətin görünür.
"Uğurlu komanda almaq istəmirsiniz, çünki performansınızı necə yaxşılaşdırırsınız? Siz kuboklar qazanmağa öyrəşməyən komandalara baxmalısınız. Heç nə qazanmayan klubu alsanız, əlbətt ki, itirəcək bir şeyiniz yoxdur” - Brannagan qeyd edib