ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Powell yarımillik Pul Siyasəti Hesabatı ilə bağlı təqdimatında işsizliyin artması riskinin olduğunu bildirib. Powell yarımillik Pul Siyasəti Hesabatı ilə bağlı təqdimatının ikinci günündə Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin iclasında iştirak edib. Komitə üzvlərinin suallarını cavablandıran Powell inflyasiya ilə mübarizə öhdəliyinin “şərtsiz” olduğunu bildirib. “İşsizliyin artması riski var” Əmək bazarının dayanıqlı şəkildə qızışdığına diqqət çəkən Powell, davamlı maksimum məşğulluğa qayıtmağa ehtiyac olduğunu və bunun üçün inflyasiyanın aşağı salınması lazım olduğunu söylədi. Əmək bazarına təsir etmədən inflyasiyanın azaldılmasının çox çətinləşdiyinə diqqət çəkən Powell, inflyasiyanı nəzarət altında saxlayaraq güclü əmək bazarına sahib olmağın mümkün olduğunu ifadə etdi. "Tarixən aşağı səviyyədə olsa da, işsizliyin artması riski var", - Powell bildirib. FED-in “həssas alətləri” olmadığını ifadə edən Powell, iş yerlərində itkilərin ola biləcəyinə diqqət çəkib. Fed-in inflyasiya ilə bağlı səhv şərhi ilə bağlı suala cavab olaraq, Powell, geriyə baxdıqda inflyasiyanı aşağı qiymətləndirdiklərini və bunun müvəqqəti olmadığını söylədi. Hər bir mərkəzi bankın eyni qərarı verməli olduğunu xatırladan Powell, "Bu, verməli olduğumuz qərar idi. Bunun səhv ola biləcəyini bilirdik. Olduqca yanlış görünməyə başlayanda kursumuzu dəyişdik" dedi. İnflyasiyanın 2 faizə endirilməsi lazım olduğunu vurğulayan Powell, hər hansı bir qələbə elan etmədən əvvəl inflyasiyanın əslində aşağı düşdüyünə dair dəlil görmək istədiklərini söylədi. Faiz dərəcələrini əvvəlki yavaşlamalarda olduğu kimi sürətlə aşağı salmayacaqlarına diqqət çəkən Powell, "Düşünürəm ki, aşağı salmaqda istəksiz olacağıq" dedi.