Rusiya keçən il enerji sanksiyalarının və Avropaya qaz ixracının azaldılmasının təsirini sovuşdurdu. Lakin 2023-cü il daha sərt olacaq. Aşağı enerji qiymətləri, Rusiya xam neftinə daha böyük endirimlər və barreli 60 dollar qoyulan neftin qiymət həddi Kreml iqtisadçılarını narahat etməyə başlayır.
 
Prezident Vladimir Putin keçən ay “büdcə ilə bağlı narahat olmağa” səbəb görməyib və Ukraynaya hücumu maliyyələşdirmək üçün “məhdud” qabiliyyəti ilə öyünüb. Keçən il 11,6 trilyon Rbs (168 milyard dollar) səviyyəsində olan neft və qaz gəlirləri yüksək qiymətlər və xam neft ixracının Asiyaya, əsasən də Hindistan və Çinə yönləndirilməsi fonunda 2011-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
 
Lakin neft qiymətlərinin düşməsi və müharibənin xərclərinin Rusiyanın keçən ilki kəsirini ümumi daxili məhsulun 2,3%-nə çatdırdı. Buna görə də Putin və onun rəsmiləri qarşıda maliyyə risklərinin olduğunu görürlər. Keçən həftə baş nazirin müavini Aleksandr Novak xam neft endirimlərinin "əsas risk" olduğunu etiraf etdi. Bundan sonra Putin rəsmilərə “Bu endirimə baxmaq lazımdır ki, büdcə problemi yaratmasın. Bunu müzakirə edin və təkliflərinizi çatdırın" dedi.
 
Neft və qaz gəlirlərinin federal büdcənin 40%-ni təşkil etdiyi bir vaxtda Rusiyanın planlarına qarşı ən böyük problem, artan endirimlər və energetika qiymətlərinin aşağı düşməsi ilə bağlıdır. ABŞ enerji departamentinin statistik qolu olan Enerji İnformasiya Administrasiyası "Brent" neftinin 2023-cü ildə orta hesabla 83 dollar/barel olacağını proqnozlaşdırır. Bu da ötən illə müqayisədə 18% aşağı qiymət deməkdir.
 
Rusiya neftinin alıcıları "Brent" markalı xam neftə getdikcə daha geniş endirimlər tələb edirlər. Kiyev İqtisadiyyat Məktəbinin məlumatına görə, ötən il endirimlər Moskvanı təxminən 50 milyard dollardan məhrum edib ki, bu da onun planlaşdırılan gəlirinin 12%-nə bərabərdir. 35-40 dollar arasında Rusiyanın aparıcı qarışığı olan "Brent" və "Urals" qiymətləri arasındakı fərq, ötən ilki fevral ayından təxminən 10 dəfə çoxdur.
 
"Argus" enerji məlumat provayderinə görə, "Urals", dekabrın 5-də bir barrel üçün 60 dollarlıq qiymət həddi təqdim edildikdən sonra ucuzlaşdı. "Urals" hazırda "Brent"-dən təxminən 48% aşağı olmaqla 44 dollara satılır. Bu, həm də Rusiyanın 2023-cü il büdcəsi üçün əsas kimi istifadə edilən və ÜDM-in 2%-i kəsirini proqnozlaşdıran 70 dollar səviyyəsindən xeyli aşağıdır.
 
CREA (Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzi) hesab edir ki, dekabrda Rusiyanın qalıq yanacaq ixracından əldə etdiyi gəlir aylıq müqayisədə 17% azalaraq, keçən fevral ayından bəri ən aşağı səviyyəyə çatıb. Maliyyə Nazirliyi isə eyni dövr üçün neft və qaz gəlirlərinin 7,5% artdığını göstərir. Bu da ötən ay rublun dəyərindəki 20% itkini və "Qazprom"dan alınan gözlənilməz vergini əks etdirir.
 
Rusiyanın 2023-cü il büdcəsi bütün neft və qaz gəlirlərinin 2022-ci illə müqayisədə 23% azalacağını proqnozlaşdırır. Kiyev İqtisadiyyat Məktəbi (KSE) isə azalmanın iki dəfə çox olacağını bildirir.
 
Gələn ay emal olunmuş neft məhsullarına G7-nin ayrıca qadağası qüvvəyə mindikdə, gəlirlər daha bir zərbə ala bilər. ÇinHindistan öz zavodlarında emal etmək üçün daha ucuz Rusiya xam neftini almağa üstünlük verirlər. Beləliklə, Rusiya daha ucuz qiymətə belə kerosin, dizel və digər məhsullar üçün yeni bazarlar tapmaqda çətinlik çəkəcək.
 
Keçən həftə Rusiya da qaz ixracının proqnozlaşdırılandan daha aşağı olması “riskinin” olduğunu etiraf etdi. Baxmayaraq ki, qaz, neftdən gələn gəlirlərin yalnız bir hissəsini təmin edir.
 
Gəlirlərin daha az olması və 2022-ci ildə olduğu kimi, planlaşdırılandan çox xərcləmə olması ehtimalı ilə Rusiya ya borclanmağı artırmalı, ya Putinin istəmədiyi fonddan istifadəni davam etdirməli, ya da iqtisadi inkişafa və infrastruktura xərcləri azaltmalı olacaq.