
Britaniyanın “Financial Times” qəzeti Səudiyyə Ərəbistanının Qərb müttəfiqlərinə daha çox neft tədarük etməyə hazırlaşdığını yazdıqdan sonra neft qiymətləri ucuzlaşıb.
Neft bazarında bütün diqqət OPEC+ koalisiyasının toplantısına yönəldiyi halda, Səudiyyə Ərəbistanının daha çox neft hasilatına hazırlaşdığı xəbəri qiymətləri aşağı saldı.
ABŞ xam nefti təxminən 3 faiz ucuzlaşaraq 113 dollardan aşağı düşüb. Brent markalı neft də 2 faiz dəyər itirib. Brent markalı neftlə ilk əməliyyatlar 113 dolları keçib.
Financial Times-ın xəbərinə görə Səudiyyə Ərəbistanı Qərb müttəfiqlərinə daha çox neft hasilatına hazır olduğu mesajını verib.
Bundan əvvəl “Wall Street Journal” Rusiyanın OPEC+ hasilat sazişindən kənarda qalmasının mümkünlüyünə işarə edən hesabatla çıxış edib.
Wall Street Journal xəbər verir ki, bəzi OPEC üzvləri Rusiyanın OPEC+ hasilat sazişi çərçivəsində öhdəliklərini dayandırmaq fikrini ifadə ediblər. Xəbərdə hasilat razılaşmasını müzakirə edəcək OPEC+ ölkələrindən bəzilərinin Rusiyanın sanksiyalara görə daha az neft hasil edə biləcəyinə diqqət çəkilib.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi 13 üzv OPEC və Rusiyanın başçılıq etdiyi OPEC-ə daxil olmayan 10 neft hasil edən ölkənin enerji və neft nazirləri görüşəcək.
İclasda OPEC+ qrupunun iyul ayı üçün hasilat siyasəti qiymətləndiriləcək. OPEC+ qrupu iyun ayında hasilatı gündəlik təxminən 432 min barel artırmaq qərarına gəlib.