Müstəqil auditor Aqşin Əhmədov: “Bizim işimiz əminlik yaratmaqdır”
Latıncadan tərcümədə “dinləyir” mənasını verən “audit” sözü həyatımıza son illərdə daxil olsa da, əslində bu terminin tarixi çox qədimdir. Hələ əmtəə və pul münasibətlərinin yenicə ortaya çıxdığı dövrlərdən müstəqil qiymətləndirmə kimi auditə ehtiyac yaranıb. Belə ki, eramızdan 2,6 min il əvvəl Qədim Misirdə auditin müxtəlif formalarının mövcud olduğu barədə məlumatlar var. Eramızdan əvvəl III əsrdə Qədim Romada adına “kurator” deyilən məmurların maliyyə nəzarətini həyata keçirirdikləri barədə məlumatlar da günümüzə qədər gəlib çatıb. Və əlbəttə ki, auditin inkişafına XIX əsrin ortalarından etibarən kapitalizmin sürətli inkişafı daha böyük təkan verib. Bəs müasir şirkət və müəssisələr üçün auditin əhəmiyyəti nədən ibarətdir? Audit yoxlamasının keçirilməsi müəssisələrdə hansı neqativ hallardan yayınmağa imkan verir? Maliyyə və audit xidmətləri üzrə müstəqil ekspert Aqşin Əhmədov bu sahə ilə bağlı Capitalist.az saytını maraqlandıran sualları cavablandırıb.
Aqşin müəllim, bu bir faktdır ki, hazırda şirkət rəhbərlərinin, sahibkarların çoxu auditdən çəkinirlər. Bəs bunun səbəbi nədir?
- Əslində, səbəblər çoxdur. Hər şey yanaşma tərzindən asılıdır. Hər hansı bir şirkətdə şəffaflıq yoxdursa, icra olunan əməliyyatlar doğru deyilsə və şirkətin rəhbərliyi də bunu bilirsə, o halda auditdən çəkinməyə başlayırlar. Ancaq biz müəssisəyə gedib rəqəmlərə baxanda orada səhvlərin, boşluqların olduğunu dərhal hiss edə bilirik. Məsələn, mən müstəqil auditoram, yəni kənar audit xidməti göstərirəm. Dövlət orqanları tərəfindən də müntəzəm olaraq müəssisələrdə audit yoxlamaları aparılır. Dövlət orqanlarının auditorları müəssisələrə baş çəkdikləri vaxt aşkarladıqları kənarlaşmalara görə əlavə olaraq da müəyyən sanksiyalar və cərimələr tətbiq edə bilərlər. Lakin biz bunu etmirik, bizim apardığımız auditin nəticələrində müəssisələrdə aşkarladığımız kənarlaşmalarla bağlı rəhbərliklərə məlumatlar verərək onların rastlaşa biləcəyi əlavə maliyyə risklərindən qoruyuruq. Bizim işimiz müəssisədə aparılan uçotun doğruluğunu təsdiqləmək və əminlik yaratmaqdır.
Sizcə, Azərbaycanda kənar audit mədəniyyəti tam formalaşıb?
- Xeyr, kənar audit mədəniyyəti tam formalaşmayıb və bunun da bir sıra səbəbləri var. Başlıca səbəblərdən biri, məsələn bizdəki Məhdud Məsuliyyətli Cəmiyyətlərdə (MMC) çox vaxt sahibkarla direktorların eyni şəxs olmasıdır. Bu halda maraqlar toqquşmadığından və əksər hallarda maliyyə işlərinə baxan şəxs, mühasib direktorun öz yaxın adamı olduğundan, onlara güvəndiyindən, kənar auditə ehtiyac görmür. Lakin, bu cür hallarda güvəndən sui-istifadə edilərək müəssisələrə yaradılmış bir çox problemlərlə rastlaşırıq. Belə halların qarşısının alınması məqsədilə dövlət tərəfindən məcburi kənar auditin tətbiqi zəruri hesab olundu. Qanunvericilik artıq orta və iri sahibkarlıq meyarlarlarına cavab verən müəssisələrdə məcburi kənar auditin keçirilməsini tələb edir. Bu addım yavaş-yavaş auditin inkişafına öz təsirini göstərməyə başlayıb.
Kənar audit yoxalaması sahibkara, müəssisəyə nə verir?
- Kənar auditin bir çox faydası var. Ən azından audit nəticəsində hazırladığınız hesabatların dəqiqliyinə əmin olursunuz. Çünki biz audit aparan vaxt müəyyən testlər tətbiq edirik. Yəni, müəyyən rəqəmlərlə bağlı məlumatları (müqavilə, ödəniş tapşırığı, qaimə və s.) test edirik. Müəssisədə hazırlanmış maliyyə hesabatlarında boşluqlar ortaya çıxarsa, bununla bağlı rəhbərliyə hesabat təqdim edirik və düzəlişlər təklif edirik. Müəssisə rəhbərini bu barədə məlumatlandırırıq. Mövcud standartlarda dəyişikliklər varsa, bunu da onlara göstəririk. Audit olunmuş maliyyə hesabatları müəssisələrin gələcəyi üçün yalnış məlumatlar əsasında veriləcək qərar riskindən də qoruyur. Ən faydalı məqamlardan biri isə kənar audit tərəfindən təsdiqlənmiş maliyyə hesabatları müəssisələrə kənar investisiyaların cəlb olunması zamanı tələb olunan ən vacib sənədlərin başında gəlməsidir. Odur ki, şirkətlərə tövsiyə olunur ki, mütləq kənar audit xidmətindən istifadə etsinlər.
Sahibkar audit yoxlaması zamanı çətinliklə qarşılaşmamaq üçün öz müəssisəsində hansı nəzarət mexanizmlərini tətbiq etməlidir? Bununla bağlı tövsiyələriniz nə olardı?
- Hər bir halda istənilən müəssisənin daxili audit departamentinin olması müsbət hal hesab olunur. Bu bizim işimizi də asanlaşdırır. Belə bir departament yoxdursa, illik, yarımillik, rüblük və aylıq büdcələrin tərtib olunması tövsiyyə olunandır. Büdcələrin tərkibində isə plan, faktiki vəziyyət və yaranan fərq qeydləri aparılmalıdır. Məsələn, müəssisədə maliyyə ilinin sonuna doğru növbəti ilin büdcəsi planlaşdırmalıdır. Bu zaman bütün departament rəhbərləri ilə görüşüb gəlir və xərclərlə bağlı büdcə plan hazırlanır və aylar üzrə bölüşdürülür. Yəni, xərclər və gəlirlər illik, yarımillik, rüblük və aylıq planlaşdırıla bilər. Biz daha çox aylıq planlaşdırmanı tövsiyə edirik. Çünki onda mühasib və ya maliyyə mütəxəssisi də bilir ki, hər ay bu məlumatlar təhlil olunacaq. Buna görə də əlavə xərcləri məhdudlaşdırır ki, aylıq büdcədən kənara çıxılmasın. Bu, müəssisənin işinə çox müsbət təsir göstərir.
- Suallarımızı cavablandırdığı üçün Aqşin bəyə təşəkkür edirik!