Beynəlxalq kredit reytinqi agentliyi Moody's qlobal inflyasiyanın 2022-ci ildə yüksək, 2023-cü ilin ikinci yarısında isə mülayim səviyyədə qalacağını bildirib. Kredit dərəcələndirmə təşkilatı Moody's tərəfindən edilən açıqlamada Rusiya-Ukrayna müharibəsinin şiddətləndirdiyi ərzaq və yanacaq qiymətlərindəki artım və tədarük zəncirindəki pozulmalar səbəbiylə inflyasiya təzyiqlərinin daha qabarıq olacağı və gözləniləndən daha uzun sürəcəyi bildirilib. İnkişaf etmiş iqtisadiyyatlarda artan əmək xərclərinin və artan inflyasiya gözləntilərinin riskləri artırdığına diqqət çəkilərək davamlı olaraq yüksələn inflyasiyanın xüsusilə iqtisadi inkişafın yavaşladığı və faiz dərəcələrinin yüksəldiyi bir dövrdə ölkələr üçün mənfi kredit təsirlərinin olacağı bildirilib. “Biz qlobal inflyasiyanın 2022-ci ildə yüksək, 2023-cü ilin ikinci yarısında isə mülayim qalacağını gözləyirik, inflyasiya riskləri yüksələn xətt üzrədir”, - deyə məlumatda bildirilir. İnflyasiyanın daha "davamlı" olması halında ölkələrin uzun müddət daha yüksək maliyyələşdirmə xərclərinə məruz qalacağına işarə edilərək daha uzun sürən yüksək inflyasiyanın sosial və siyasi riskləri daha da artıracağı ifadə edildi.