Verilən məlumatlara əsasən, Microsoft şirkət daxilində bəzi komandalardakı işçilərini işdən çıxarıb, hətta bu həftəki ixtisarların 1000-ə yaxın işçini əhatə etdiyi bildirilir.

Ümumiyyətlə son zamanlar ixtisarlar Microsoft daxilində geniş yayılıb: şirkətə yaxın insanlarla söhbətlər, eyni zamanda Blind və Twitter kimi sosial media saytlarında paylaşılan yazılar göstərir ki, ixtisarlar Xbox konsolunun oyun bölməsindən tutmuş ən müasir "Microsoft Strateji Missiyalar və Texnologiya" təşkilatına qədər hər şeyə təsir edir. Hətta, uzun müddətdir Microsoft "veteranı" və Baş Texnologiya Direktorunun ofisində məhsul meneceri olan KC Lemson, bazar ertəsi atdığı tvitində işini itirdiyini söylədi.

"Bütün şirkətlər kimi, biz də mütəmadi olaraq biznes prioritetlərimizi qiymətləndiririk və müvafiq olaraq struktur düzəlişlər edirik" deyə Microsoft sözçüsü bildirib. O, həmçinin "Gələcək illərdə biznesimizə investisiya qoymağa və əsas inkişaf sahələrində işə götürməyə davam edəcəyik" deyə qeyd edib.

Microsoft-un "Missiya Mühəndisliyi" komandasını idarə edən Zach Kramer, işçilərə qrupun "davamlı olaraq aparılan işlər üzrə işçilərə üstünlük veriləcəyini" bildirmişdi. O eyni zamanda bildirir:
-"Potensial olaraq təsir göstərə biləcək çoxlu ideyalar var və hər birimiz çox çalışmışıq, lakin biz mübadilə etməliyik, çünki resurslar qeyri-məhdud deyil və vaxt onların hamısından azdır".

Qeyd edək ki, iyul ayında Microsoft, 180,000 nəfərlik işçi qüvvəsinin 1% -dən azını ixtisar etməyi planlaşdırdığını və tənəzzül riski artdıqca işə qəbulu əhəmiyyətli dərəcədə azalda biləcəyini söyləmişdi. Bu həftəki ixtisarların isə əvvəlki rəqəmə daxil edilib-edilmədiyi bəlli deyil, lakin işdən çıxarılan şəxslərdən biri təxminən bir ay əvvəl işə götürüldüyünü bildirib.