Sorğu zamanı müəyyən edilmişdir ki, respondentlərin demək olar ki, yarısı TV və(ya) izləmir/dinləmir. Lakin, yarıdan biraz azı TV və(ya) radio izlədiklərini/dinlədiklərini bildirmişdir (bax Qrafik 7). Güman ki, insanların TV izləməməsinin və ya radioya qulaq asmamasının əsas səbəblərindən biri odur ki, onlarda qarşılarına çıxan xəbərlərə inam səviyyəsi aşağıdır. Belə ki, 42,6% bu xəbərlərə inanmır, 22,8% isə qərarsızdır. Demək olar ki, onların üçdə biri bu xəbərlərə inanır (bax Qrafik 8).

İstehlakçıların daha çox baxdığı kanallar siyahısında ATV Azərbaycan (22,8%), Xəzər TV (22,2%) və ARB TV (9,7%) əsas yer tutur (bax Qrafik 9). 14,5% respondent isə heç bir TV kanalına baxmır.

TV-nin əksinə olaraq, sorğunun keçirildiyi respondentlərin əksəriyyəti radioya qulaq asmır. Lakin, ən çox qulaq asılan radio kanalları arasında Azad Azərbaycan FM (9,7%), 106FM (7,6%) və Azərbaycan radiosu (6,5%) yer alır (bax Qrafik 10).

Digər maraqlı nəticə ondan ibarətdir ki, media istehlakçılarının 80,0%-i yeni medianın, yəni Facebook, xəbər saytları və İnstagram kimi sosial şəbəkələrin xəbər və informasiya mənbəyi kimi daha effektiv olduğunu düşünürlər. Yerdə qalan 20,0%-i isə ənənəvi media vasitələrini effektiv hesab edir.

Respondentlər müxtəlif səbəblərdən xəbərləri izləyirlər. Belə ki, bu sual təqdim olunarkən, respondentlərə eyni vaxtda birdən çox cavabın seçilməsi imkanı verilmişdir. Nəticə etibarilə, sıralamada ölkədə baş verən hadisələrin öyrənilməsi əsas yer tutur (55,2%). Hər bir cavab üzrə baza sayı 500 cavab olaraq götürülmüşdür. İkinci ən çox xəbər izlənmə səbəbi isə dünyada baş verənlərlə bağlı məlumat almaqdır (44,2%). Xəbər izləməyənlər ümumi respondentlərin cüzi hissəsini təşkil edir (bax Qrafik 11).

Gün ərzində xəbər qəbul etmək məqsədilə respondentlərin hansı media vasitəsinə nə qədər vaxt sərf etdiyi soruşulduqda, müəyyən edilmişdir ki, ənənəvi mediaya, yəni qəzet və jurnala demək olar ki vaxt ayırılmır. Daha çox vaxt sosial mediaya sərf olunur. Respondentlərin 43,4%-i 3 saatdan çox vaxt sosial mediaya sərf edir. TV-yə isə xəbər qəbul etmək üçün 0-30 dəqiqə vaxt sərf olunur (32,0%) (bax Cədvəl 1). Respondentlərdən TV və radio ilə bağlı sualı 256 nəfərin cavablandırması isə Qrafik 7 ilə əlaqədardır, yəni 244 (48,8%) ümumiyyətlə TV və(ya) radio izləməməsi/qulaq asmamasıdır.

Media istehlakçıları üçün ən faydalı sosial media platformaları İnstagram (55,4%) və Facebook (10,8%) hesab edilir. Bundan başqa, YouTube (9,2%) və Telegram (8,4%) da media məzmunu istehlakı baxımından növbəti faydalı platformala hesab edilə bilər (bax Qrafik 12).

Ən populyar mövzular isə sosial (37,0%), elm və texnologiya (36,4%), və siyasi mövzular (35,2%) olaraq müəyyən edilmişdir (bax Qrafik 13).

Sorğuda iştirak edən respondentlərin üçdə birindən çoxu hər hansı sosial media platformasında məzmun/yazı və ya post paylaşımı etmir (73,4%). Bu isə o deməkdir ki, istehlkaçılar daha çox passiv sosial media istifadəçiləridir. Məzmum qəbul etmək məzmun istehsal etməyə nəzərən çoxluq təşkil edir. Nəzər alsaq ki, cəmi 133 nəfər (26,6%) məzmum istehsal edir, həmim məzmunlar daha çox gündəlik həyat (13,0%), dünya gündəmi və xəbərlər (9,6%), təhsil və elm (6,2%), və texnologiyaya (6,2%) aiddir. Bunlardan əlavə, fərdi inkişaf, sosial mövzular, yumor, vətən və dizayn mövzular kimi fərqli istiqamətlərdə də məzmunlar istehsal edilir. Lakin onların payı azdır. Digər maraqlı nəticə odur ki, istehlakçılar informasiyanı video formatında qəbul etməyə daha çox üstünlük verirlər (53,2%). İkinci üstünlük verilən informasiya formatı isə məqalə/yazıdır (31,2%). Respondentlərin əksəriyyəti sosial mediaya gün ərzində 1-3 saat arası vaxt sərf edirlər (40,8%). Onlarin onda birindən də azı 12 saatdan çox vaxt sərf edirlər (7,8%). Bu nəticə əslində onların məzmum istehsal etməməkləri ilə izah oluna bilər. Əgər daha çox sosial mediada vaxt keçirsəydilər, o zaman məzmun da istehsal etmək ənənəsi daha geniş yayılmış olardı.

Əvvəl respondentlərin 40,4%-i (202 nəfər) TV və ya radio izlədiyini bildirmişdir. Buna uyğun olaraq, TV izləyənlərin yadında qalan ən maraqlı verilişlərin siyahısında ilk yerləri xəbərlər (15,9%), Səni axtarıram verilişi (7,2%), və Zaurla Günaydın verilişidir (6,3%). Lakin, mütləq əksəriyyət, yəni 15,9% ən yaddan qala verilişlər arasında qərarsız olduqlarını bildirmişdir. YouTube tövsiyyə olunacaq kanalları araşdırdıqda isə məlum olur ki, respondentlərin üçdə birindən bir qədər çoxu spesifik bir kanalı izləmir (38,6%), ikinci əksəriyyət isə tövsiyyə olunası kanalları xatırlamır (14,4%). Cüzi üstünlüyə malik kanallar var ki, bunların da arasında əsasən bədii film və seriallarla bağlı kanallar (4,2%), ATV YouTube kanalı (3,2%) və Barış Özcan kanalıdır (2,4%). İzlənilən media kanalları vasitəsilə əldə olunan məlumatlar insanlar üçün müəyyən qədər faydalıdır (41,2%). Buna baxmayaraq, onların 22,8-i sosial media vasitəsilə əldə etdikləri məlumatları şəxsi inkişafları baxımından çox faydalı hesab edirlər.

Son olaraq isə, istifadə olunan media kanalları üzrə əksəriyyət (55,6%) heç bir problemlə qarşılaşmadığını bildirdiyi halda, reklamların çox olması qarşıya çıxan əsas problemlərdən biri kimi qiymətləndirilir (10,2%). Digər problem isə yanlış məlumatların və dezinformasiyanın olmasıdır (9,4%). Digər bəyan olunan problemlər arasında cüzi də olsa, 18+ video və materiallar, zorakılıq və kriminalla bağlı materiallar, qeyri-rəsmi xəbərlər, və xəbər başlıqlarının düzgün seçilməməsi göstərilir.