
Rusiyanın Ukraniyaya müdaxiləsi dünyagörüşünü pisləşdirdiyi və enerji qiymətlərinin artmasına səbəb olduğu üçün Almaniyada biznes etibarı 2020-ci ilin may ayından bəri ən aşağı səviyyəyə düşüb.
IFO biznes gözləntiləri indeksi mart ayında 98,4-dən 85,1-ə düşüb. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta qiyməti 92 olub. Biznes mühiti indeksi də 98,5-dən 90,8-ə düşüb.
IFO prezidenti Klemens Fuest Almaniya iqtisadiyyatı ilə bağlı gözləntilərin pisləşdiyini və alman şirkətlərini çətin dövrün gözlədiyini bildirib. Ukraniyada davam edən müharibə iqtisadi artımın ləngiməsi gözləntilərini artırsa da, enerji bazarındakı problemlər səbəbindən inflyasiyanın yüksəlişinin davam edəcəyi gözlənilir.
Almaniya hökuməti dünən istehlakçıları və şirkətləri dəstəkləmək üçün 15 milyard avro (16,5 milyard dollar) dəyərində yeni paket elan etdi. S&P Global-ın dünən açıqladığı sorğu da inflyasiya və müharibənin istehsal sektorunda zəifləməyə səbəb olduğunu göstərib.