İnsanlara “Marketinq nədir?” sualını ünvanladıqda onlar bu suala çox vaxt “reklam” deyə cavab verirlər. Bu isə tamamilə yanlış düşüncədir. Çünki reklam marketinq prosesinin sadəcə bir hissəsidir. Marketinq özü isə daha böyük anlayışdır. Elə isə gəlin marketinq nədir sualını araşdıraq. Biz bu yazımızda aşağıdakı suallara cavab tapacağıq:
  • Marketinq nədir?
  • Marketinq bizə nə üçün vacibdir?
  • Marketinqin növləri hansılardır?
Marketinq insanların şirkətinizin məhsulu və ya xidməti ilə maraqlanmasına şərait yaratmaq üçün olan bir dövrdür. Şirkətlər bazar payı uğrunda rəqibləri ilə daim mübarizə aparır və bu mübarizədə marketinq ən effektiv silahdır. Marketinq eyni zamanda psixoloji silahdır. Bu baxımdan ən yaxşı tərif isə: “Marketinq, müştərinizi məhsul və xidmətinizin vacib və əvəzolunmaz olduğuna inandırmaq bacarığıdır.” Bundan əlavə, marketinqin elmi şəkildə də bir neçə tərifi mövcuddur: Amerika Marketing Assosiyasının rəsmi tərifinə görə: Marketinq – müştəri, partnyor, və bütövlüklə cəmiyyət üçün dəyərə sahib təklifin yaradılması, kommunikasiya olunması, çatdırılması və dəyişdirilməsi fəaliyyəti, prosesi və institutlar məcmusudur. Marketinqin atası sayılan Kotlerə görə isə: Marketinq- mənfəət qazanmaqla hədəf kütlənin ehtiyaclarını ödəməyə yönəlmiş dəyərin araşdırılması, yaradılması və ötürülməsi elmi və sənətidir. Marketinq haqda ilkin təəssürat yarandıqdan sonra isə gəlin görək, marketinqin fəaliyyəti, növləri nədən ibarətdir və marketinq bizə nə üçün lazımdır. Marketinq, bir qurumun şirkət ilə müştəri arasında əlaqə yaratmaq üçün yaratdığı hər şeydir. Bir biznesin genişlənməsi üçün güclü müştəri əlaqələrinin qurulması lazımdır. Bu səbəblə, marketinq prosesi müştərilərin ehtiyac duyduqları və satın almaq istədikləri məhsulların müəyyənləşməsi ilə başlayır. Marketinq prosesi, qiymətləri müəyyənləşdirməklə, potensial müştərilərə məhsullar və xidmətlər barədə məlumat vermək və sonra onları satışa təqdim etməklə davam edir - bu da biznes subyekti üçün gəlir yaradır. Bütün bu proseslərin həyata keçirilməsi üçün isə marketinqin bir neçə növü vardır:
  1. Content Marketing- Marketinq növləri arasında auditoriyaya məzmun yaratmaq, dərc etmək və yaymaq kimi hədəflərə sahib olan bir marketinq növüdür. Məzmun marketinqinin ümumi hissələri sosial şəbəkələr, bloglar, vizual məzmun və alətlər, elektron kitablar, vebinarlar kimi eksklüziv məzmunlardır.
  2. Search Engine Optimization- SEO vebsaytınızın axtarış motorları səhifələrində yuxarı sıralarda yerləşməsi üçün edilən texnikalardır ki, təqdim etdiyiniz məhsul və ya xidmətləri insanlar Google, Yahoo, Bing kimi axtarış motorları vasitəsilə daha tez tapa bilsinlər. Axtarış motoru şirkətləri davamlı olaraq axtarış alqoritmlərini dəyişdiyinə görə bu texnikalar da zaman keçdikcə dəyişir.
  3. Search Engine Marketing- SEM axtarış sistemi marketinqidir. SEM vasitəsiylə uyğun açar sözlərdən öz saytınıza müştəri cəlb edə bilər, xidmətləriniz, məhsulunuz haqqında məlumatlandıra və satışlar edə bilərsiniz. SEM strategiyası ilə ən qısa vaxtda və az maliyyə ilə Google axtarış nəticələrində birinci çıxmaq mümkündür.
  4. Social Media Marketing-Sosial şəbəkələrdə marketinq işinin təşkil edilməsidir.
  5. Email Marketing- Email marketinq email üzərindən potensial müştəri ilə marketinq kommunikasiya işinin qurulması və aparılmasıdır.
Marketinqdə əsas olan dəyərdir. Şirkətlər mal satmış kimi görsənsə də əslində dəyər satırlar. Bəs niyə biz mala dəyər deyirik? Malın dəyərdən əsas fərqi odur ki, mal müştərinin hər hansı bir ehtiyacını ödədiyi halda dəyərə çevrilir. Bu dəyəri müştəriyə göstərmək, dəyərli olduğunu izah etmək və inandırmaq, ən əsası isə sata bilmək üçün marketinq strategiyası lazımdır. Amma bu işdə mənfəəti də unutmaq olmaz – hər bir biznes sahibinə mənfəət qazandırmalıdır, bu mənfəətin davamlı gəlməsini təmin edən isə yalnız marketinqdir.