Çin son illərdə əldə etdiyi nailiyyətlərlə avtomobil sənayesində əhəmiyyətli bir yer qazanıb. Böyük markaların məşhur modellərini kopyalayaraq gündəmdə olan ölkə indi sahib olduqları çoxlu uğurlu dizayner və mühəndislər sayəsində özünəməxsus modellərini ortaya qoyur. Ancaq bu son patent şəkilləri Çinin köhnə vərdişlərini tamamilə tərk etmədiyini göstərir. Car News China-a görə Beijing Estech Technology adlı Çin şirkəti orijinal MINI Cooper olduğu aydın görünən dizayn üçün patent almaq üçün müraciət edib. Klassik modeldən bir neçə dizayn detalları ilə fərqlənən avtomobilin ümumi dizaynı və ölçü nisbəti tamamilə eyni görünür. Əlbəttə ki, elektrik mühərriki istisna olmaqla. 1959-2000-ci illərdə istehsalda olan orijinal MINI avtomobil sənayesinin ən ikonik modelləri arasındadır. İkonik dizayn elementləri avtomobilin Çin nüsxəsində demək olar ki, tam olaraq qorunub saxlanılsa da, kapotun altında müasir dövrə uyğun elektrik mühərriki var. Qəşəng xrom bamperlər, güzgülər və şüşə silənlərə kopyalanan avtomobilin köhnə üslublu antenası da patent şəklinə daxil edilib. Bununla belə, bəzi fərqlər var. İlk diqqət çəkən detal avtomobilin altında yerləşən akkumulyator bloklarıdır. Avtomobilin nisbətləri qorunmuş kimi görünsə də, Çin istehsalçısı daha çox daxili məkan üçün ölçüləri artırmış ola bilər. Avtomobilin ölçüləri patent şəkillərinə daxil olmadığı üçün bunu bilmirik.