
Dəyərli oxucular, bu yazıda sizinlə birlikdə Benjamin Spall və Michael Xander'in birlikdə ərsəyə gətirdiyi “Uğurlu insanlar günə necə başlayır. Mənim səhər rejimim” adlı kitaba nəzər salacağıq.
Analiz etdiyimiz kitab adından da göründüyü kimi iki əsas başlığa fokuslanaraq hazırlanmışdır. Burada düzgün təşkil edilmiş səhər rejiminin insanların, xüsusilə də öz sahələrində böyük uğurlara imza atmış insanların həyatında nə kimi müsbət təsirləri olduğundan bəhs edilir. Təxminən 300-dən çox müsahibənin nəticəsi əsasında yazılmış bu kitaba tanınmış insanlardan alınmış 64 müsahibə olduğu kimi daxil edilmişdir. Həmin insanlar arasında ABŞ ordusunun istefada olan məşhur generalı Stenli MakKristaldan tutmuş üçqat olimpiya çempionu Rebekka Soniyə, “Pixar” və “Walt Disney” cizgi film studiyalarının prezidenti Ed Kətmelldən tutmuş səliqə-sahman yaratmaq üzrə mütəxəssis, yapon məsləhətçi Mari Kondoya qədər bir çox məşhur adlar var. Kitabda bu insanların səhər rejimləri arasındakı heyrətamiz oxşarlıqlar diqqətimizə çatdırılır, həmçinin onlardan bəzilərinin həyata keçirdiyi innovativ improvizasiyalar oxucu ilə paylaşılır. Kitabın məqsədi konkret səhər rejimini təlqin etmək deyil, bütün bu rutinlərdən feyz alıb öz səhər rejiminizi yaratmağa dəstək olmaqdır.
Kitabın əvvəlində onu necə oxumaq lazım olduğu haqqında məlumat mövcuddur, belə ki, müəyyən ortaq vərdişlərə görə kateqorizə edilmiş fəsillərdə siz səhər rejiminizə nəyi əlavə etmək istəyirsinizsə ona müvafiq fəsilə gedib oxuya bilərsiniz. Fəsillərin adları – səhər idmanı, səhər meditasiyası, yuxu, özünəqulluq və s. kimi aydın və sadə dillə yazılıb. Demək olar ki, hər bir səhər rejimi ayrıca bir fəsildə cəmləşdirilib. Konkret bir süjet, başlıq və son olmadığı üçün oxucu istədiyi yerdən başlayaraq oxuya, istədiyi fəsildən məlumat ala bilər.
Xüsusilə vurğulamaq istədiyim bir digər nüans fəsillərin dizaynı ilə bağlıdır. Belə ki, hər bir fəsilin girişində karikaturaya bənzər xüsusi illüstrasiyalar təsvir olunub, bununla yanaşı maraq oyandıran suallar və fikirlərlə oxucunun fəsilləri oxumağa motivasiyası təmin edilib. Həmçinin hər bir fəsildə qeyd olunan vərdişlərlə bağlı müsahibə verən şəxslərin fikir və qeydləri xüsusi başlıqlarda öz əksini tapıb.
Fəsillərin sonunda “Növbə sənindir!” bölməsi vardır ki, burada rejiminizə əlavə etmək istədiyiniz vərdiş haqda məsləhət, ipucu və təkliflər qeyd olunub. Hətta bu bölmələrin sonunda cəhdlərinizin puça çıxdığı təqdirdə nə etməli olduğunuz ilə bağlı göstərişlər də mövcuddur.
Sona doğru bizi “Nəticə” və “Statistika” başlıqları qarşılayır. “Nəticə” hissəsində bütün bu rejimlərdən çıxan ortaq nəticələr, öz səhər rejiminizi formalaşdırmaq üçün müəyyən tapşırıqlar və bunları həyata keçirməkdə motivasiyanızı təmin edəcək cümlələr öz əksini tapıb.
“Statistika” isə cəmi bircə səhifədən ibarət olub müsahibədə iştirak edən insanların faiz nisbəti ilə müəyyən vərdişləri nə qədər edib - etmədiklərini əks etdirir.
Özüm də daxil olmaqla kitabı oxuyan əksər insanların düşüncəsi olduqca öyrədici və “hər kəsin kitabxanasında mütləq olmalıdır” dediyimiz növdən bir kitab olduğu yönündədir. Yüksək öyrədiciliyi baxımından məhz bu kitabı incələmək qərarı aldım, ümid edirəm ki, siz oxucular üçün də maraqlı oldu. Xoş mütaliələr!