Google təklif etdiyi müxtəlif tətbiqlər üzrə bir sıra yenilikləri ictimaiyyətə təqdim edib. Bəzi ölkələrdə növbəti aylar, bəzilərində isə 2022-ci ildən istifadəyə veriləcək yeni funksiyalar ekoloji baximdan maarifləndirici özəlliklər daşıyır. Dünyanın ən böyük problemi olaraq adlandırılan iqlim dəyişikliyinə diqqət çəkmək məqsədilə edilən dəyişikliklər xüsusilə eko-fəallar tərəfindən sevinclə qarşılanıb. Bəs yeniliklər nələrdən ibarətdir?
  1. Axtarış. Belə ki, artıq Google axtarış sistemi vasitəsi ilə hər hansı məhsulu axtardığınız zaman ilk öncə ekoloji baxımdan təmiz məhsullar ilə qarşılaşacaqsınız. Məsələn, avtomobil axtarışı zamanı hibrid və elektrik mühərrikli avtomobillər axtarış sistemində daha yuxarıda göstəriləcək.
  2. Xəritə. Google Maps vasitəsi ilə gediləcək nöqtəyə daha az karbon-dioksid sərf edərək çatılması üçün tövsiyələr istifadəçilərə təqdim olunacaq. Həmçinin, yeniliklərlə birgə velosiped və skuter istifadəçiləri üçün rahat yol seçimləri göstəriləcək.
  3. Səyahət. Yeni funksiya ilə istifadəçilər uçuş zamanı nə qədər karbon qazının havaya buraxılacağını öncədən görə və buna uyğun seçim edə biləcəklər. Əlavə olaraq, şirkət rəsmiləri bildirib ki, uçuş zamanı seçilən oturacağın yeri və sinif qeydiyyatı (biznes, ekonom və ya First Class) karbon ayaq izində dəyişikliyə səbəb olur. Belə ki, biznes və first class sərnişinlərinin karbon ayaq izi ekonom sinifi sərnişinlərindən daha çoxdur.