Məhz “Just in Time” (ingilis dilindən hərfi tərcüməsi Zamanında deməkdir) səmərəliliyin artırılması, xərclərin azaldılması və malların yalnız ehtiyac olduqda qəbul edilməsi ilə tullantıların azaldılması məqsədilə hazırlanmış ümumi idarəetmə texnikası və metodologiya növüdür.
Just in Time (JiT) idarəetmə metodologiyası
JiT ilk dəfə olaraq Yaponiyada ölkənin məhdud təbii ehtiyatlarına cavab olaraq formalaşmış və tullantıların azaldılmasına yönəlmişdir. Hazırda bir çox müəssisə JiT sistemlərindən istifadə edir. Bu isə IBM şirkətinin təklif etdiyi Davamlı Axın İstehsalı (Continuous Flow Manufacturing - CFM) kimi buna bənzər inventarların idarəetmə üsullarına öz təsirini göstərmişdir. “Dropshipping” xidmətinin geniş yayılması ilə əlaqədar olaraq JiT idarıçiliyinin də əhəmiyyəti pərakəndə satıcılar üçün yüksəlmişdir. Belə ki, bu üsulla satıcılar məhsulu satın almadan əvvəl onu sata, daha sonra üçüncü tərəfdən həmin məhsulu satın alıb və birbaşa müştəriyə göndərə bilərlər.
Üsulun müsbət və mənfi cəhətləri
Düzgün yanaşma olduqda JiT idarəetmə strategiyası müəssisələr üçün bir sıra potensial faydalara malikdir:
- Məhsulun saxlanma xərclərinin aşağı olması - məhsulun qısa müddətdə alınması və ya istehsal edilməsi ilə artıq yüksək xərc tələb edən satılmayan məhsulun anbarda saxlanılmasına ehtiyac qalmır.
- Nağd pul axınının artırılması - böyük həcmli ehtiyatların saxlanmasına ehtiyac olmadıqda kapital xərcləri də azalır və nağd pul isə başqa bir yerdə saxlanıla bilər.
- Satılmayan məhsul (overstock) həcminin azaldılması – məhsulun ehtiyat səviyyəsi müştərinin tələbatından asılı olduğundan anbarda tələb olunmayan ehtiyatın qalma riski minimuma endirilir.
Digər tərəfdən isə JiT üsulunun bir sıra çatışmazlıqları da mövcuddur:
- Sifarişin icrası ilə bağlı problemlər – hər hansı müştəri məhsul sifariş etdikdə və həmin məhsul hələ də ehtiyatda yoxdursa, sifarişin vaxtında yerinə yetirilməməsi riski meydana çıxır.
- Xətaların mümkünlüyü – işlərin vaxtında görülməsi müştərilərin alış-veriş vərdişlərinə dair dəqiq tələbat proqnozlarına malik olmaq deməkdir. Hər hansı bir səhv hesablama əhəmiyyətli dərəcədə mənfi təsirini göstərə bilər.
- Qiymət fərqi - JiT sistemi ilə malların ən sərfəli qiymətlərlə alınması mümkün deyil. Qiymətlər qalxdıqca gəlir həcmi də azalır.
Uğurlu JiT təcrübələri
JiT üsulu hazırda pərakəndə satışdan fast food və texnologiya sənayesinədək bütün sahələri əhatə edir. bu strategiyanı səmərəli həyata keçirən ilk müəssisələrdən bir kimi Toyota şirkəti buna ən bariz nümunədir. Bu sahədə digər nümunələrə nəzər yetirək:
Apple
Qeyd edilən elektronika istehlakçısı ehtiyatda mümkün qədər az məhsul saxlayır. Ehtiyada olan məhsulun miqdarını azaltmaqla, Apple şirkəti anbarlarda həddən artıq ehtiyatın yığılıb qalma riskini minimuma endirmişdir. Apple şirkətinin rəhbəri Tim Cook qeyd etmişdir ki, "İnvertarın saxlanlması ideyası elə kökündən yaxşı deyil. Süd məhsullarının satışı kimi elə burada da köhnəlmiş məhsul problemi yaşanır.”
Kellogg's
Kellogg's şirkətinin əsasən tez xarab olan məhsul istehsal etdiyini nəzərə alsaq, şirkətin JiT idarəetmə metodundan istifadəsi məqsədəuyğundur. Kellogg’s şirkətinin rəhbərliyinin fikrincə, sifarişlərin yerinə yetirilməsi üçün kifayət qədər məhsulun hazırlanması, lakin məhdud sayda ehtiyatın saxlanması çox vacibdir.
Xiaomi
Apple şirkətində olduğu kimi Xiaomi şirkəti də hər həftə məhdud sayda mobil telefon istehsal edərək az sayda ehtiyatı idarə edir. Bu strategiyanın çatışmazlığı ondan ibarətdir ki, istehlakçılar məhsulların mağazalara çatdırılmasını gözləməli olurlar, nəticədə isə potensial gəlir itirilə bilər. Buna baxmayaraq, Xiaomi şirkəti hələ də xərclərin azaldılması və israfçılığa yol verilməməsi ideyasını dəstəkləyirlər.
Zara
Zara şirkəti inventar = ölüm bərabərliyinin tərəfdarıdır. Şirkət hər hansı mövsüm kolleksiyasının yalnız 15-25 faizini altı ay əvvəldən ödəyir. Mövsümün əvvəlinə qədər yalnız məhsulun 50-60% -i, mövsümün ortalarında isə geyimlərin 50% -i dizayn və istehsal olunur.
Beləliklə, müəyyən bir stil və ya dizayn birdən-birə populyarlaşdıqda, həmin trend hələ öz pik həddə çatdıqda, mövsüm tələbatını təmin edən və dəyişən müştəri seçimlərindən istifadə etməklə yeni üslublar dizayn edərək mağazalara göndərilir.
Tesla
Son bir neçə ildə Tesla şirkətinin inkişafına həddinə baxmayaraq, şirkət hələ də dünyanın ən kiçik avtomobil istehsalçılarından biridir. Bunun əksinə olaraq, Tesla tədarük zəncirinə tam sahiblik edir və ənənəvi françayzinq satış modelindən imtina etmişdir.
Kiçik həcmdə inventara sahib olmaqla və əsasən tələbə uyğun olaraq məhsul istehsal edən Tesla şirkəti, artıq ehtiyatların saxlanılması ilə əlaqəli kapital və riskləri minimuma endirir.
JiT üsulu: hə, ya yox?
Just in Time metodologiyasından istifadə zamanı müəssisələrdən daha qısa müddət ərzində istehsal etmə imkanına malik olmalarını tələb olunur. Bu səbəbdən də bu metod bütün şirkətlər üçün uyğun deyil. Just in Time strategiyasını qəbul etmək fikrindəsinizsə, əvvəlcə aşağıdakı məsələləri nəzərə alın:
- Məhsul/məhsullar çox qısa müddətdə istehsal oluna bilər və ya tədarük edilə bilərmi?
- Təchizatçılar hər dəfə məhsulları vaxtında çatdıracaq qədər etibarlı və səmərəlidirmi?
- Müştəri tələbi, satış dövrləri və mövsümi tendensiyalar barədə hərtərəfli anlayışa maliksinizmi?
- Sifarişin yerinə yetirilmə sistemi sifarişləri vaxtında müştərilərə çatdıra biləcəkmi?
Yuxarıda sadalananların hamısına inamla bəli deyə bildiyiniz halda Just in Time biznes modelindən yararlana bilərsiniz.