Yaponiya və Hollandiya, Çin ordusunun müasir silahlar inkişaf etdirməsini çətinləşdirmək üçün ABŞ ilə razılaşma əldə etdikdən sonra çip istehsalı alətlərinin Çinə ixracını məhdudlaşdıracaq.
Üçtərəfli razılaşma ilə tanış olan bir neçə şəxs bildirib ki, ölkələr cümə günü "Ağ Ev"də yüksək səviyyəli yekun danışıqlardan sonra razılığa gəliblər. Razılaşma Vaşinqtonun ABŞ şirkətlərinin Çin qruplarına qabaqcıl çip istehsalı avadanlıqları satmasını qadağan edən birtərəfli ixrac nəzarəti tətbiq etməsindən üç ay sonraya təsadüf edir.
"Ağ Ev" şərh verməkdən imtina edib. Lakin bu razılaşma ABŞ-ın Çinin yarımkeçirici sənayesini inkişaf etdirmə səylərinə mane olmaq üçün müttəfiqlərlə işləmək səylərində mühüm mərhələni qeyd edir.
Co Bayden administrasiyası iki ildir ki, ölkələrlə danışıqlar aparır, lakin müqavimətlə üzləşir. Çünki onlar çip istehsal edən alət şirkətlərinə, xüsusən Hollandiyada “ASML” və Yaponiyada “Tokyo Electron” və “Nikon” şirkətlərinə təsirindən narahat idilər.
Oktyabr ayında ABŞ, Çinin superkompüterlərdə və süni intellekt, nüvə silahlarının modelləşdirilməsi və hipersəs silahları kimi hərbi ilə bağlı digər tətbiqlərdə istifadə üçün qabaqcıl yarımkeçiricilər əldə etmək və ya inkişaf etdirmək səylərini çətinləşdirmək üçün nəzərdə tutulmuş geniş birtərəfli ixrac nəzarətini elan etdi.
Sektorda üstünlük təşkil edən ABŞ çip istehsalı alət qrupları - "Applied Materials", "Lam Research" və "KLA" - oktyabr hərəkətinin "ASML" və "Tokyo Electron"-a deyil, onlara məhdudiyyətlər qoymasından narahat idi. O zaman, ticarət departamentinin ixraca nəzarət üzrə yüksək vəzifəli nümayəndəsi Alan Estevez bu addımı əsaslandıraraq bildirib ki, bu, müttəfiqlərə ABŞ-ın “oyunda” olduğunu və sərt qərarlar qəbul etməyə hazır olduğunu sübut edəcək.
Estevez və bu hərəkətin arxasında duran qüvvə olan Milli Təhlükəsizlik Şurasının rəsmisi Tarun Çhabra son aylarda Tokio və Haaqaya səfərləri zamanı müttəfiqləri razı salmaq üçün səylərini artırdılar.
Tokio və Haaqa da xüsusi olaraq Çinə yönəlmiş Amerika siyasətinə imza atmaqdan narahatdırlar.
Albright Stonebridge konsaltinq şirkətinin Çin və texnologiya eksperti Pol Triolo, ABŞ-ın heç bir təfərrüat verməməsinin səbəblərindən birinin Amerika rəsmilərinin razılaşmanı qələbə kimi qələmə vermək istədikləri halda, məhdudiyyətlərlə üzləşmələri olduğunu söylədi.