Uzun müddətdir ki, pis əlyazmasına görə həkimlər, əczaçılar tərəfindən ittiham olunurlar. Google buna son verərək çətin oxunan əlyazmaları oxuya bilən süni intellekt modeli yaratmağa çalışır.
Şirkət süni intellekt funksiyasını keçdiyimiz günlərdə keçirilən illik "Google for India" konfransında nümayiş etdirib. Lakin Google Hindistanın tədqiqat direktoru doktor Maniş Qupta bildirib ki, “sistem real dünyaya hazır olana qədər hələ çox iş görülməlidir”.
Nümayişdən görünür ki, istifadəçilər reseptlərinin şəklini çəkə və ya emal üçün alətə şəkil yükləyə bilərlər. Bu zaman qeyddə yazılan dərmanlar vurğulanacaq.
Google Lens-in bir hissəsi olacaq bu alət Google tətbiqinin axtarış çubuğunda mövcud olan dilləri tərcümə edə və müxtəlif obyektləri tanıya biləcək.
2006-cı ildə aparılan araşdırmaya istinadən, həkimlərin əl yazısı xəstələr üçün potensial ölümcül nəticələrə səbəb ola bilər. Hesabatda deyilir ki, həkimlərin səliqəsiz yazısı o vaxt ildə 7000-dən çox insanın ölümünə səbəb olur və 1,5 milyondan çox amerikalı dərmanları ilə bağlı səhvlər nəticəsində xəsarət alır.
Bununla belə, 1996-cı ildə dərc edilən başqa bir araşdırma göstərdi ki, həkimlərin əl yazısı həkim olmayan insanlarınkından heç də pis deyil.
"Bu tədqiqat həkimlərin əl yazısının digərlərindən daha pis olması ilə bağlı fikirləri dəstəkləmir" deyə tədqiqatın müəllifləri bildiriblər. "Bununla belə, oxunmayan yazı tibbi xidmətdə israfın və təhlükənin mühüm səbəbidir. Lakin yazılı ünsiyyətin təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün səylər problemə sistemli yanaşmalı və problemlərin orta insan yazısına xas olduğunu düşünməlidir”.