Getir, 2015-ci ildə qurulan bir Türk start-up şirkətidir. Mobil tətbiqi vasitəsi ilə, ərzaq məhsulları üçün tələb olunan "ultra sürətli" çatdırılma xidməti, restoran yeməklərinin çatdırılması üçün kuryer xidməti təklifi edən şirkət yeni layihəsi olan GetirÇarşı-nı ictimaiyyətə təqdim edib. Belə ki, məhəllələrdə fəaliyyət göstərən kiçik market, qəssab, kitab evləri, meyvə-tərəvəz mağazaları və s. əhatə edilməsi məqsədi ilə yaradılan GetirÇarşı xidməti Türkiyədə ilklərə imza atacaq. Layihə ilə bağlı açıqlama verən şirkətin ortaq qurucularından Tuncay Tütek bildirib ki, GetirÇarşı-nın əsas məqsədi insanların alış-veriş etməyə öyrəşdiyi kiçik bizneslərə bir tətbiq vasitəsi ilə əlçatanlığının qurulmasıdır. Həmçinin, qonşuluq və məhəllə yaşayışı mədəniyyətinin türk xalqındakı əhəmiyyətini nəzərə alaraq inkişaf etdirdikləri bu xidmət vasitəsi ilə 2 milyondan çox kiçik biznes sahibinin rəqəmsallaşmaya ayaq uyduracağını da əlavə edib. Layihənin bir digər məqsədi isə pandemiya dövründə zərər çəkmiş biznes sahiblərinə dəstək ola bilməkdir. Qeyd edək ki, GetirÇarşı vasitəsi ilə edilən sifarişlərdə mağaza və ya GetirGetirsin seçimləri istifadəçilərə təqdim ediləcək. Əlavə olaraq, şirkət rəsmiləri bildirib ki, edilən sifarişlərin ödənişləri növbəti gün ərzində biznes sahiblərinin hesablarına köçürüləcək.