Clubhouse öz istifadəçiləri üçün çoxdandır maraqla gözlənilən bir sıra yenilikləri elan edib.  Belə ki, artıq tətbiqetmə daxilində hər kəsə açıq olan söhbət otaqlarında səsyazmaları qeydə almaq mümkün olacaq. Clubhouse otaq daxilində səsyazma ilə yanaşı, bu səslərin klip halına çevrilməsi üçün də yeni bir funksiya əlavə edildiyini bildirib.  Şirkət rəsmiləri öz açıqlamalarında qeyd edib ki, daha öncə Clubhouse otaq söhbətləri yalnızca xüsusi link vasitəsilə, adətən digər sosial media kanalları üzərindən paylaşılırdı. Lakin yeni funksiyanın köməyi ilə istifadəçilər qısa kliplərlə öz otaq linklərini daha diqqətçəkən hala gətirə biləcəklər. Kliplərin maksimum uzunluğu isə 30 saniyə təşkil edəcək. Onu da qeyd edək ki, 2020-ci ilin aprel ayından etibarən fəaliyyətə başlayan Clubhouse platforması COVID-19 pandemiyası zamanı sərt qapanma günlərində populyarlığını artırmışdı. Hazırda platformada 10 milyondan çox istifadəçinin qeydiyyatdan keçdiyi bildirilir. Nəzərinizə çatdıraq ki, istifadəçilər Clubhouse-a ilk aylarda yalnız xüsusi dəvətnamə ilə qoşula bilirdisə, hazırda hər hansı dəvətnamə tələbi olmadan IOS və Android istifadəçiləri rahatlıqla qeydiyyatdan keçə bilərlər.