Britaniya enerji planlarını Kosmosa köçürməyə çalışır. Bir müddətdir danışılan layihə get-gedə reallaşmağa başlayıb. Nəhayət, ölkədə Airbus, Cambridge Universiteti və peyk istehsalçısı SSTL daxil olmaqla 50-dən çox qurum və şirkət bir araya gəldi. Böyük Britaniya Kosmik Enerji Təşəbbüsü çərçivəsində toplanan bu şirkətlər və qurumlar Atmosferdən kənarda günəş elektrik stansiyası tikmək istəyirlər. Təşəbbüsün məqsədi Kosmosda qurulacaq elektrik stansiyası ilə Böyük Britaniyanın sıfır karbon emissiyası hədəfinə çatmaqdır. Bu çərçivədə ilk elektrik stansiyasının ən tez 2035-ci ildə açılması planlaşdırılır. Layihənin tərəfdarları bildiriblər ki, Kosmosda elektrik stansiyası tikmək üçün lazım olan texnologiya artıq mövcuddur. Ancaq burada əsas problem belə böyük bir quruluşu kosmosa daşımaqdır. Yaradılan 12 illik plana görə, robotlarla yığılmaq üçün bir çox material kosmosa göndərilməlidir. Bu o deməkdir ki, təxminən 300-dən çox kosmik ekspedisiya təşkil olunacaq.Kosmosda günəş elektrik stansiyası Yerdəki kimi işləyəcək. Günəş şüaları toplanaraq elektrik enerjisinə çevriləcək. Daha sonra mikrodalğalı şüalara çevriləcək bu enerji radiotezliklərlə dünyanın müxtəlif yerlərindəki mərkəzlərə ötürüləcək. Alimlərin hesablamalarına görə, kosmosda qurulacaq günəş elektrik stansiyası dünyadakı ekvivalentindən 13 dəfə çox enerji istehsal edə bilər.