
BIM (Building Information Modeling)- Bina İnformasiya Modelləşdirməsi son 20 ildə tikinti sahəsi üçün ən böyük yeniliklərdən biridir. Texniki detallar və çox geniş mərhələləri əhatə edən bir mövzudur. Bu məqalənin məqsədi BIM haqqında ümumi məlumat verməkdir.
Giriş
BIM bir strukturun fiziki və funksional xüsusiyyətlərinin təmsil edildiyi rəqəmsal bir modelin yaradılma və idarə edilməsi prosesidir. BIM bir proqram təminatı deyil, əlaqələndirilmiş etibarlı bilgilərdən ibarət və dizayndan idarəetməyə qədər uzanan bir prosesdir. 3D modelin qurulması ilə başlanılır və ehtiyac olan bilgilər əlavə olunur, sonrasında bu bilgilərdən istifadə edilərək analizlər edilir və üst-üstə düşmələr təyin edilir. BIM prosesində bina 2 dəfə inşa edilmiş olur, rəqəmsal olaraq inşa edilən binada xətalar düzəldildikdən və ümumi analizlər edildikdən sonra istehsalat prosesində bu problemlərin çoxu rəqəmsal model üzərində həll olunduğu üçün iş daha rahat olur.
Əsas hissə
Bina İnformasiya Modelləşdirməsi sayəsində tikiləcək binanın hər bir detalı rəqəmsal olaraq gözdən keçirilə bilir. Bina inşa edilmədən binanın tamamlanmış modelinin içində gəzmək, hətta inşaat prosesini mərhələ-mərhələ izləmək mümkün olur. Elektrik və havalandırma sistemləri də BIM sayəsində daha rahat və daha az problemli yerləşdirilir.
BIM-in ən vacib xüsusiyyətlərindən biri də bütün lahiyə iştirakçılarının ortaq bir model üzərində dəyişiklik və ya əlavə edə bilmə imkanıdır. Revit kimi bu prosesi idarə etməyə imkan verən proqram təminatları sayəsində memarlar, mühəndislər və tikintinin fərqli mərhələlərindəki iştirakçılar lahiyəni və detallarını əldə edə bilirlər.
Eyni zamanda layihənin ümumi təqribi xərcinin hesablanmasında da BIM daha da rahat şərait yaradır, model üzərindən materialların kəmiyyətini birbaşa görmək mümkün olur, bu sayədə ümumi hesabat daha rahat ola bilir, xəta payının az olması üçün yeni metodlar da araşdırılır.
BIM istifadə edilən lahiyələrdə tikinti zamanı təhlükəsizlik qaydalarına riayət olunması üçün işçilərə BIM modeli üzərindən inşaatın hər mərhələsində yarana biləcək təhlükələr haqqında məlumat vermək, ənənəvi üsullardan çox daha effektivdir.
BIM sadəcə 3D ilə bağlı deyil, 3D BIM-in bir parçasıdır. Dizayn proqramlarında hər hansı model üzərində bir divar seçildikdə bu zaman sadəcə paralel xəttlər olduğunu görürük, BIM isə təkcə üçölçülü elementlər yox, həm də proqramlaşdırılmış parametrlərdən ibarət elementlərdən təşkil olunur.
Bina İnformasiya Modelləşdirməsinin təkcə binalar üçün yox digər tikinti növlərində də istifadəsi çoxalır.
BIM prosesində memari dizayn üçün əsasən Autodesk Revit, Graphisoft ArchiCAD, Nemetschek Allplan Architecture, statik analizlər üçün Tekla Structural, Bentley Structural Modeler, Autodesk Revit, simulyasiya və bina analizi üçün Autodesk Navisworks, Bentley ConstrucSim, Autodesk 360 Field, elektrik və bir sıra başqa işlər üçün Autodesk Revit MEP, Bentley Hevacomp Mech. Designer, “Facility management” üçün Bentley Facilities və s. proqram təminatları istifadə edilir.
Nəticə
Bina İnformasiya Modelləşdirməsi bizə binanın bütün fəaliyyət müddəti boyunca, rəqəmsal olaraq bilgilərin ortaq istifadə olunmasına və əlçatanlığına imkan verir. Verilənlər bazasında edilən bir yenilənmə bütün bölümlərlə əlaqəli olaraq hər kəs tərəfindən görülə bilir. Çox zaman Bina İnformasiya Modelləşdirməsi insanlar tərəfindən yanlış anlaşılır, yanlış olan fikir Bina İnformasiya Modelləşdirməsinin tək bir model və ya verilənlər bazası olduğunu düşünməkdir.
Bina İnformasiya Modelləşdirməsi lazımsız və adi işləri azaldır və informasiya paylaşımını rahatlaşdırır.