Big Data nədir?
25 September, 2020
“Big data” termininə son on il ərzində lüğətlərdə tez-tez rast gəlirik, lakin konsepsiyanın özü ən azı II Dünya Müharibəsindən bəri mövcuddur. Son zamanlarda meydana gələn naqilsiz rabitə, internet 2.0 və digər texnologiyalar vasitəsilə kütləvi məlumatların idarə edilməsi və təhlili artıq reallığa çevrilmişdir.
Böyük həcmli verilənlər məlumatların ənənəvi vasitələrlə emal və idarə edilməsi baxımından çox böyük və mürəkkəb məlumat dəstlərinə aiddir. İnsanlar qurğular vasitəsilə daha çox məlumat generasiya etdiyinə görə böyük həcmli verilənlər mobil texnologiyaların və əşyaların İnterneti texnologiyalarının yaranması ilə daha da geniş yayılmağa başladı. Həmin məlumatlara coğrafi yerləşmə xidmətləri, veb brauzer tarixçələri, sosial media fəaliyyəti və ya hətta fitness proqramları tərəfindən generasiya edilən məlumatlar aid edilə bilər.
Biliklərin əldə edilməsi üçün böyük həcmdə rəqəmsal məlumatın toplanması və təhlili proseslərini də big data termininə aid etmək olar. Məlumat dəstləri böyüdükcə və tətbiqlər real zaman rejimində daha çox məlumat axınları generasiya etdikcə, müəssisələr böyük həcmli məlumatların saxlanılması, idarə və təhlil edilməsi üçün bulud xidmətlərindən yararlanırlar.
Böyük həcmli verilənlər nə üçün lazımdır?
İstehlakçılar rəqəmsal bir dünyada yaşayırlar. Bulud əsaslı işgüzar dünyada rəqəmsal satış əməliyyatlarından tutmuş marketinq rəyinə və emala qədər hər şey çox sürətlə inkişaf edir. Bütün bu sürətli əməliyyatlar eyni sürətlə də məlumat generasiya edir. Həmin məlumatların real zaman rejimində faydalı istifadəsi adətən hədəf auditoriyanın ehtiyaclarını tam görmək üçün tətbiq edilə bilər.
Əməliyyatların idarəetmə və istifadə imkanları (və potensialı) sonsuzdur. Böyük həcmli məlumatlar vasitəsilə istənilən təşkilatın fəaliyyəti aşağıdakı yollarla təkmilləşdirilə bilər:
İşgüzar intellekt
- İstənilən təşkilatın yararlana biləcəyi böyük həcmli məlumatların qəbulu, təhlili və tətbiqini təsvir etmək üçün hazırlanan işgüzar intellekt, müasir bazar şəraitində ən vacib mübarizə silahlarından biri hesab edilir. Təşkilatın fəaliyyətini və zəif nöqtələrini araşdırmaqla və proqnozlaşdırmaqla işgüzar intellekt böyük həcmli məlumatların təşkilatın istehsal etdiyi məhsulun xeyrinə istifadə edilməsinə imkan verir.
İnnovasiya
- Sənaye və bazar mühitində baş verən saysız-hesabsız qarşılıqlı təsirlərin, nümunə və anomaliyaların periskop səviyyəsində təsvirini təhlil etməklə yeni yaradıcı məhsul və vasitələrin bazara çıxarılması üçün böyük həcmli məlumatlardan istifadə olunur.
Təsəvvür edin ki, “Acme Widget Company” böyük həcmli məlumatları nəzərdən keçirir və isti havalarda Widget B şirkətinin satışları Widget A şirkətinin Orta Qərbdəki satışlarının iki mislinə yüksəldiyi halda, satışlar qərb sahilində və cənub regionlarda bərabər qalır. Acme şirkəti, Widget B şirkətinin populyarlığını və hazırkı vəziyətini vurğulayan bənzərsiz reklam vasitəsilə Orta Qərb bazarlarını hədəf alan sosial media kampaniyalarının işə salınması üçün marketinq vasitəsi yarada bilər. Bu yolla, Acme şirkəti böyük həcmli məlumatlardan yeni və ya özəlləşdirilmiş məhsullarla və gəlir gətirə biləcək reklamlar üçün istifadə edə bilər.
Aşağı sahibkarlıq xərcləri
- Qənaet edilmiş bir qəpik qazanılmış bir qəpik deməkdirsə, böyük həcmli məlumatlar çoxlu qəpiyin qazanılması potensialını əmələ gətirir. İT mütəxəssisləri əməliyyatları avadanlıqların qiyməti ilə deyil, illik müqavilələr, lisenziya və işçi heyəti kimi müxtəlif amillərlə ölçürlər.
Demək olar ki, istənilən sənayedə fəaliyyət göstərən təşkilat və şirkətlər yeni məlumatların əldə edilməsi üçün böyük həcmli verilənlərdən istifadə edirlər. Karqo şirkətləri tranzit saatlarının hesablanması və tariflərin təyin edilməsi üçün həmin verilənlərdən yararlanır. Böyük həcmli verilənlər həm də elmi və tibbi tədqiqatların əsasını təşkil etməklə, analiz və araşdırma proseslərini daha da sürətləndirir, bu isə gündəlik həyatımıza da təsir göstərir.