Müasir psixologiyada temperamentin dörd tipi əsas götürülür: sanqvinik, xolerik, fleqmatik, melanxolik. İnsanları temperamentlərinə görə fərqləndirərkən həmin tiplərdən istifadə olunur. İnsanların hansı tipə məxsus olduqlarını müəyyənləşdirmək üçün müasir psixologiyada temperamentin özünə məxsus xassələrinə istinad edirlər. Bunlara aktivlik, reaktivlik, emosionallıq aiddir: Aktivlik. Bu xassə altında insanın məqsədə çatmaq üçün xarici aləmə nə dərəcədə fəal təsir göstərməsi, qarşılaşdığı maneələri necə aradan qaldırması nəzərdə tutulur. Emosional oyanıqlıq. Bu ad altında bir növ insanın ən zəif xarici və daxili təsirləri hiss etmək qabiliyyəti başa düşülür. Hər cür hiss və emosiyaların əmələgəlmə, cərəyanetmə və kəsilməsi xüsusiyyətləini xarakterizə edən xassə və keyfiyyətlər emosionallığa bağlıdır. Psixologiyada onun əsas cəhətləri kimi mütəəssirlik, impulsivlik və emosional labilliyi fərqləndirirlər. Emosiyaların gücü. Burada emosional oyanmanın intensivliyi və modallığı əsas götürülür. Həyəcanlılıq. Psixologiyada ən çox həyəcanlılıq altında qorxulu şəraitdə özünü göstərən emosional oyanıqlıq başa düşülür. Qeyri-ixtiyari hərəkətlərin reaktivlik dərəcəsi. Plastiklik və onun əksi olan rigidlik keyfiyyəti. Bu xassəni insanın xarici təsirlərə nə qədər tez uyğunlaşmasından (plastiklik) və ya əksinə, davranış adət və mülahizələrinin nə qədər ətalətli, dəyişkən olmamasından (rigid) bilmək olar. Qeyd edilən xassələrin olub-olmadığını nəzər almaqla insanların temperament tiplərini müəyyənləşdirmək mümkündür.
  • Sanqvinik. Bu cür adamlar yüksək reaktivliyə malik olurlar. Aktivliklə reaktivlik müvazinətdə olur. Diqqətini cəlb edən hər şeyə canlı reaksiya verir. Mimikaları və hərəkətləri canlı və ifadəlidir. Yüksək fəallığa malik olduğuna görə çox işgüzar olur, hər bir yeni işə dərhal girişir, həmişə birinci olmağa çalışır,  yorulmadan uzun müddət işləyə bilir. Sanqviniklər həddindən artıq qayda-qanuna əməl edən olurlar. Sürətli hərəkətə, çevik təfəkkürə, sürətli nitq tempinə malik olurlar. Onlarda plastiklik yüksək olur. Hissləri asanlıqla bir-birini əvəz edə bilir. Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast gəldikləri adamlarla asanlıqla ünsiyyətə girə bilir, bir işdən digərinə asanlıqla keçə bilirlər. Onlarda ekstravertlik yüksək olur.
  • Xolerik. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də senzitivlik aşağı, reaktivlik və aktivlik yüksək olur. Lakin xoleriklərdə reaktivlik aktivliyi üstünlük təşkil edir. Ona görə də xoleriklər həddindən artıq hövsələsiz, tez özlərindən çıxan olurlar. Onlarda plastiklik zəif, rigidlik yüksək olur. Buna görə onlarda öz maraqlarını həyata keçirməyə yüksək cəhd, inadkarlıq, dözümlülük mövcud olur. Başladıqları işi axıra qədər yerinə yetirməyə meylli olurlar. Diqqətlərini keçirməkdə çətinlik çəkirlər. Sanqviniklərdə olduğu kimi xoleriklərdə də ekstravertlik yüksək olur. Müvazinətsiz olurlar.
  • Fleqmatik. Özlərini hər yerdə sakit aparırlar. Həddindən artıq soyuqqanlıdırlar, qaradinməzdirlər. Uğursuzluğa məruz qaldıqda buna əhəmiyyət vermirlər. İşə dərhal girişmirlər, lakin başladıqları işi axıra qədər yerinə yetirirlər. Onlarda plastiklik aşağı, rigidlik yüksək olur. Onların mimikaları kasıb, ifadəsiz olur. Onlar öz diqqətlərini çətinliklə keçirə bilirlər, yeni şəraitə çətinliklə alışırlar. Fleqmatiklərdə daxili əksolunma yüksək olur. Təkliyi sevirlər. Vərdiş və adətlərini olduqca ləng dəyişə bilirlər. Bunlarla yanaşı fleqmatiklər olduqca işgüzar olurlar. Dözümlü və özlərini ələ ala biləndirlər. Onlarda asanlıqla özlərindən çıxma halları müşahidə olunmur. Yeni adamlara çətin alışırlar.
  • Melanxolik. Onlarda senzitivlik, həssaslıq həddindən artıq yüksək olur. Kiçicik bir işdən, hərəkətdən dərindən təsirlənirlər. Hədsiz dərəcədə küsəyəndirlər. Mimika və hərəkətləri dərindən ifadəli deyildir. Səsləri zəif, hərəkətləri süstdür. Onlarda özlərinə inam hədsiz dərəcədə aşağı olur. Kiçik uğursuzluq onlarda dərin, bəzən ciddi əhval pozğunluğu yaradır. Həmişə başqalarının onların halına yanmalarını gözləyirlər. Həddindən artıq təklikliyə qapılırlar. Onlar tez ruhdan düşürlər, bəzən gücləri çatan işi belə axıra qədər yerinə yetirmirlər. Onlarda introvertlik yüksək olur.
Nəzərə almaq lazımdır ki, temperamentin təmiz bir tipinə malik olan adam tapmaq çətindir. Hər bir adamda bu tiplərin hamısının əlamətlərinə rast gəlmək mümkündür. Lakin bunlardan birinin əlamətləri üstünlük təşkil etdikdə adamı həmin tipə aid edirlər. Bütün bunlarla yanaşı olaraq temperamentin bu tiplərindən birini yaxşı, digərini pis adlandırmaq olmaz. Hər tipin özünəməxsus müsbət və mənfi cəhətləri vardır. Temperamentin tipi yaş xüsusiyyətlərindən də asılıdır. Məs: uşaqlıq dövründəki aktivliklə yaşlılıq dövründəki aktivlik bir-birindən fərqlənir.