
ABŞ prezidenti Co Bayden inflyasiyanın azaldılmasına yönəlmiş hərtərəfli sağlamlıq, iqlim və vergi tənzimləmələrini ehtiva edən qanunu imzalayıb.
Bayden Ağ Evdə keçirilən imzalanma mərasimində Konqresin təsdiq etdiyi "İnflyasiyanın Azaldılması Aktı"nı təsdiqləyib. Mərasimdəki çıxışında qanunun ABŞ tarixinin ən mühüm qanunlarından biri olduğunu söyləyən Bayden, "Bu qanun iqlimlə bağlı indiyə qədər atılan ən böyük addımdır" dedi.
Qanunun ABŞ-a iqlim dəyişikliyi ilə mübarizədə əlavə cəsarətli addımlar atmasına imkan yaradacağını qeyd edən Bayden, bunun səhiyyə xidməti almaqda çətinlik çəkən amerikalılara əhəmiyyətli faydalar təmin edəcəyini bildirib.
Bayden önümüzdəki 10 ildə büdcə kəsirinin 300 milyard dollardan çox azalacağını və inflyasiya ilə mübarizə üçün kəsirlərin azalacağını vurğulayıb.
Zənginlərin vergilərdən "ədalətli payını" ödəyəcəyini bildirən Bayden , böyük şirkətlərin bundan sonra minimum 15 faiz korporativ vergi ödəyəcəklərini bildirib.
Bayden Konqresdəki Respublikaçıları şəxsi maraqlarının tərəfdarı olmaqda ittiham edərək, demokratların Amerika xalqının yanında olduğunu, respublikaçıların isə bu qanunun əleyhinə səs verdiyini bildirib. Prezident Bayden: "Amerika xalqı qazandı və şəxsi maraqlar itirdi." dedi.