
Rusiya Kosmik Agentliyi olan “Roskosmos” rəhbəri Dimitri Roqozin şənbə günü “Rossiya 24” kanalına verdiyi açıqlamada yadplanetlilərin aşkar edilmədən Yer sivilizasiyasını öyrənə biləcəyini söyləyib.
Roskosmos prezidenti bəyan edib ki, bəşəriyyətin kosmosu araşdırmaq imkanları məhduddur:
"Biz Big Bang nəzəriyyəsini bilirik, amma bu "Böyük Partlayış" kainatın yalnız bizim görə biləcəyimiz müəyyən bir hissəsində baş versəydi necə? Başqa Dünyalar da ola bilər. Həyatın yaranmasına kömək edə biləcək çoxsaylı amillər var."
Roqozin son zamanlar ABŞ Müdafiə Nazirliyinin yaydığı görüntülər və hesabatlarla bütün dünyada böyük diqqət çəkən UFO-lara da toxunub. Bununla belə, Roqozinin sözlərinə görə, rusiyalı ekspertlər tərəfindən araşdırılan bu halların 99,9 faizinin yerdənkənar ağıllı həyat hipotezi ilə heç bir əlaqəsi yoxdur.
Bu sirli obyektlərin “hava hadisələri və digər fiziki hadisələr”dən ibarət olduğunu bildirən Roskosmos rəhbəri bu məsələ ilə bağlı daha əvvəl də NASA ilə əlaqə saxladığını və onlardan oxşar məlumat aldığını əlavə edib.
Roqozin texnoloji cəhətdən inkişaf etmiş yadplanetli sivilizasiyaların insan sivilizasiyasını və Yer kürəsini öyrənə biləcəyini də müdafiə edib: "Biz burada bakteriyaları öyrənə bilərik. Amma bakteriyalar kimi, bizi də başqaları öyrənə bilər".