Son zamanlarda yaranan vəziyyətdən dolayı Brüssel Rusiya enerjisinə alternativ tapmağa tələsir. Azərbaycan isə bu barədə Aİ-yə bildirmişdir ki, yalnız yeni investisiyalar və uzunmüddətli alış müqavilələri ilə təmin olunsa, ölkə bloka qaz ixracını ikiqat artırmaq öhdəliyini yerinə yetirə bilər.

Brüssel və Bakı iyul ayında 2027-ci ilə qədər ildə 20 milyard kubmetrə qədər tədarükün ikiqat artırılmasına dair saziş imzalayıblar. Bu da qışda yarana biləcək qaz böhranının qarşısını almaq üçün Aİ-nin imzaladığı sazişlərdən biridir.

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib ki, Xəzərdən Adriatikə qədər 3500 km uzunluğunda olan Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi məsələsi var. Bu da Avropa şirkətlərindən 2027-ci ildən sonra daha çox qaz almaq üçün milyardlarla dollar investisiya və müqavilələr tələb edir.

S&P Global Commodity Insights-dan Laurent Ruseckas bildirib ki, Azərbaycan qısa müddətdə İtaliya və Bolqarıstana qaz ixracını cüzi şəkildə artıra bilsə də, əhəmiyyətli əlavə həcmlər həm qazın hasilatına, həm də nəqlinə əhəmiyyətli investisiyalar tələb edəcək.

"Enerji sahəsində əməkdaşlığın müsbət nəticələrinə və həlledici məqamda Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün uğurlu başlanmasına əsaslanaraq, Aİ Azərbaycana enerji sahəsində etibarlı və strateji ticarət tərəfdaşı kimi baxır”, - deyə Laurent Ruseckas əlavə edib.