Noyabr ayında Almaniya və İspaniyada inflyasiya aşağı düşdü. Bu da avrozona dövlət istiqrazlarında artıma səbəb oldu. Çünki investorlar blokda qiymət artımının pik həddə çatdığını və Avropa Mərkəzi Bankının daha kiçik faiz artımlarına keçəcəyini iddia edirdilər.
Ölkənin federal statistika agentliyinin məlumatlarına görə, enerji və xidmətlərin qiymətlərindəki yavaşlama Almaniyada inflyasiyanın oktyabrda 11,6%-dən noyabr ayına kimi gözləntilərə uyğun olaraq 11,3%-ə enməsinə kömək etdi. İspaniyanın milli statistika agentliyi isə bildirib ki, İspaniyada illik inflyasiya gözlənildiyindən daha çox azalıb, oktyabrda 7,5%-dən noyabrda 6,6%-ə düşüb. Belçikada da həmçinin inflyasiya 12,3%-dən 10,6%-ə düşüb.
Lakin iqtisadiyyatın bəzi hissələrində qiymət təzyiqləri hələ də yüksək olaraq qalır. İspaniyada əsas inflyasiya - enerji və ərzaq qiymətlərindəki dəyişiklikləri istisna edən bir ölçü - 6,3%-ə qədər yüksəldi. Almaniyada isə ərzaq və kirayə qiymətləri daha sürətli - 21% artıb.
Mütəxəssislər noyabr ayı qiymət məlumatları çərşənbə günü dərc edildikdə, avrozona inflyasiyasının son 17 ayda ilk dəfə düşəcəyi ehtimalının olduğunu düşünürlər. Həmçinin Avropada topdansatış enerji qiymətlərinin kəskin düşməsi və təchizat zəncirindəki çətinliklərin azalması son vaxtlar avrozonada inflyasiyanın yavaşlaması ilə bağlı ümidləri artırıb.
Qeyd edək ki, oktyabr ayında ABŞ-da da inflyasiya azaldı və qlobal məlumat göstəriciləri bu ilki qlobal inflyasiyanın zirvəyə çatdığını göstərir.