Rusiyanın Polşaya qaz nəqlini dayandıracağı xəbərindən sonra Avropada qazın qiyməti kəskin şəkildə 24 faiz artıb. Rusiyanın enerji şirkəti "Qazprom" Bolqarıstan və Polşanın təbii qaz ödənişlərini rublla etməyəcəklərini açıqlamalarından sonra qaz axınını dayandırıb. Qərardan sonra Avropa qazının göstəricisi olan Hollandiya qaz fyuçersləri 24 faiz artaraq meqavatsaat üçün 127,50 avroya çatıb. Bu, aprelin 1-dən bəri müşahidə edilən ən yüksək səviyyədir. Qazprom Bolqarıstan və Polşaya təbii qaz nəqlini tamamilə dayandırıb, çünki onlar rublla ödəniş sisteminə uyğun gəlmir. “Qazprom”dan verilən yazılı açıqlamada aprelin 26-dan etibarən Bolqarıstanın “Bulgargaz” və Polşanın PGNIG şirkətlərinin aprel ayı daşımaları üçün rublla heç bir ödəniş almadığı qeyd edilib. Avropanın ən böyük qaz tədarükçüsü olan Rusiyanın bu addımından sonra gözlər Rusiyanın ən böyük Avropa tədarükçüləri Almaniya və İtaliyaya çevrildi. Berlindən hələlik mövzu ilə bağlı açıqlama verilməsə də, Roma hökumətinin hadisələri yaxından izlədiyi bildirilib.