Bruegel analitik mərkəzinə görə, enerji istehlakı oktyabr ayında 2019-21-ci ilin orta göstəricisi ilə müqayisədə dörddə bir azalıb. Bir çoxları buna Rusiya-Ukrayna müharibəsinin səbəb olduğunu hesab edərkən, bəzi biznes liderləri başqa səbəblər haqqında düşünürlər.
 
BusinessEurope-un prezidenti Fredrik Persson bu barədə deyir ki, azalmanın böyük hissəsi şirkətlərin istehsalı azaltması və ya hətta bağlanması ilə bağlıdır. O, oktyabr ayında qaz istehlakının 24% azaldığı İtaliyanı buna nümunə göstərir.
 
Digər ölkələrdə daha böyük enişlər olub. Portuqaliyada bu, 48%, Rumıniyada isə 78% olub. Persson bildirib ki, sobalarını yandırmaq üçün qaza ehtiyacı olan Portuqaliyanın keramika sənayesi bundan zərər çəkib. Onun sözlərinə görə, Aİ şirkətləri ciddi rəqabət qabiliyyəti itkisi ilə üzləşib. Çünki topdansatış qaz qiymətləri Avropada Asiya və ABŞ-dan 5-7 dəfə daha yüksəkdir.
 
Alman kimya şirkəti BASF bu yaxınlarda bildirib ki, yüksək enerji qiymətlər və zəif tələbat səbəbindən Çində hasilatı genişləndirəcək və Avropada azaldacaq.
 
Nəzərə alaq ki, Almaniyada sənaye tələbatın dörddə birini təşkil edir. Rəqəmlər göstərir ki, enerji tutumlu sənayelərdə istehsal fevral ayından düşməyə başlayıb və 2022-ci ilin may ayından etibarən ümumi sənaye səviyyəsindən aşağı olub. Almaniya Sənaye və Ticarət Palataları Assosiasiyasının sentyabr ayında keçirdiyi sorğuda respondentlərin 8%-i Avropadakı yüksək enerji qiymətləri səbəbindən istehsalı başqa yerə köçürməyi düşündüyünü qeyd edib.