
Avropa Mərkəzi Bankı (AMB) son iclasında gözlənildiyindən daha sərt mövqe ortaya qoysa da, son günlər bank rəsmilərindən gələn mesajların da sərt olduğu görünür. AMB İdarə Heyətinin Üzvü Klaas Knotun ardınca Avstriya Mərkəzi Bankının sədri Robert Holzmann da faiz artımı mesajları verdi.
Avstriyanın “Krone” qəzetinə danışan Holzmann, bankın aktiv alış proqramına son qoymadan əvvəl faiz dərəcələrini artıraraq inflyasiya ilə mübarizə mövzusunda daha aydın mesaj verə biləcəyini bildirib. Holzmann, AMB-nin son qərarını dəstəkləyərkən, aktiv alış proqramının cəmiyyətin anlaması çətin bir sistem olduğunu və faiz artımının hər kəsin anlaya biləcəyi daha aydın bir siqnal ola biləcəyini ifadə etdi.
Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Klaas Knot, bankın aktiv alışlarını azaltma planının iyul ayında dayandırılmalı olduğunu və daha sonra ilin son rübündə faiz artımının mümkünlüyünü real hesab etdiyini bildirib.
Avro Bölgəsində inflyasiya 5,9 faizlə rekord qırdıqdan sonra AMB keçən həftə keçirilən iclasda aktiv alış proqramının daha sürətlə azaldılacağını açıqladı və iyun ayında aktiv alış proqramının həcmini 20 milyard avroya endirməyə qərar verdi. Hollandiya Mərkəzi Bankının da sədri olan Knot, inflyasiyanın ən böyük narahatlıq olduğunu və AMB-nin ilk olaraq iyul ayına qədər aktiv alışlarını 10 milyard avroya endirməsi lazım olduğunu söylədi.