Texnologiya nəhəngi olan Amazon keçdiyimiz günlərdə, forma, ölçü və teksturaya görə fərqlənən, fərdi əşyaları müəyyən edə bilən robotu təqdim etdi. “Sərçə” (Sparrow) adlanan bu robot əşyaları səthinə bərkidilmiş vantuzlar vasitəsilə götürüb ayrı-ayrı plastik qutulara yerləşdirə bilir.
Sparrow, Amazon şirkətinin əhəmiyyətli sayda anbar işçilərini əvəz etmək potensialına malikdir. Şirkətin CNBC-yə verdiyi məlumata görə, robot Amazon-un inventarının təxminən 65%-ni müəyyən edə bilir. Qeyd edək ki, indiyədək bu cür mürəkkəb identifikasiya insan işçilər üçün nəzərdə tutulmuşdu. Şirkət Sparrow-u elan edən bir yazıda "İşçilərimizlə işləyən həmin robot təkrarlanan tapşırıqları öz üzərinə götürəcək. Bu da işçilərimizə vaxtlarını və enerjilərini başqa şeylərə yönəltməyə imkan verəcək, eyni zamanda təhlükəsizliyi təmin edəcəkdir. Digər tərəfdən,
Sparrow icra prosesimizin kritik bir hissəsini avtomatlaşdırmaqla bizə səmərəliliyi artırmağa kömək edəcək” deyə şirkət bildirmişdi.
Sparrow-un Amazon anbarlarına nə qədər tez inteqrasiya olunacağı isə tam aydın deyil. Bununla belə, bildirilir ki, Amazon uzun müddətdir ki, öz anbarlarını tam avtomatlaşdırmağa çalışır. Şirkət həmçinin aprel ayında rüblük qazancında pandemiya boyunca çoxlu sayda anbar işçisi işə götürdüyünü söyləmişdir.
Hazırda şirkətin hər il emal etdiyi 5 milyard paketin təxminən 75%-i çatdırılmanın ən azı bir hissəsində robotlar tərəfindən idarə olunur. Amazon-un sözçüsü bu barədə isə bildirib ki, "Sparrow anbarlarımızda inventarımızdakı fərdi məhsulları aşkar edə, seçə və idarə edə bilən ilk robot sistemidir”