Amazon yeni fitnes qolbağı və servisini elan edib. 79,99 dollardan satışa çıxacaq olan Amazon Halo View məhsulu idman həvəskarları tərəfindən böyük həyəcanla qarşlanıb. Belə ki, AMOLED ekran və 1 illik pulsuz Amazon Halo üzvlüyü ilə birgə təklif edilən qolbaqlar bir sıra üstünlüyü ilə fərqlənir. Əlavə olaraq, fəaliyyətə başlayacaq Amazon Fitness xidməti istifadəçilər üçün məşq videoları, Amazon Nutrition xidməti isə düzgün qidalanma ilə bağlı video və mətnləri özündə birləşdirəcək. Amazon Halo View qolbağı ürək döyüntüsü, qanda oksigen dərəcəsi, bədən temperaturu kimi bir çox biometrik məlumatı göstərmə qabiliyyətinə malik olacaq. Lakin daha öncəki bir çox qolbaq modelindən fərqli olaraq istifadəçinin səs məlumatlarını toplaya bilməyəcək. İlkin mərhələdə 3 rəngdə- yaşıl,qara, bənövşəyi- satışa çıxacaq olan məhsulun daha sonra 15 fərqli rənglə bazara daxil olması gözlənilir. Əlavə olaraq, müştərilər parça,dəri və metal olmaqla 3 fərqli material seçimindən də yararlana bilər.