Təkcə son bir neçə ay, COP27 ilə əlaqədar olaraq Misirdə toplaşan dünya liderləri üçün təcili oyanış zəngi olmalı idi. Nigeriyada daşqınlar 600-dən çox insanın həyatına son qoyub, geniş əkin sahələrinə ziyan vurub və ya məhv edib. Keniya, Somali və Efiopiyada onilliklərin ən pis quraqlıqları yaşanır. Hansı ki, bu 10 milyon uşaq da daxil olmaqla 22 milyon insanı aclıq təhlükəsi ilə üz-üzə qoyur.
"İqtisadiyyat və Sülh İnstitutu"nun yeni hesabatına görə, 52 ölkədən 37-si həddindən artıq yüksək qida çatışmazlığından əziyyət çəkir. 206 milyon insan isə su çatışmazlığı riski altındadır.
Başqa sözlə, biz humanitar fəlakətin astanasındayıq. COP27-də toplanan qlobal liderlər və digər ölkələr bunun qarşısını almaq üçün əllərindən gələni etməlidirlər. Ən təcili prioritet son təbii fəlakətlərdən, eləcə də Ukraynadan taxıl daşınmasının azalmasından zərər çəkənlərə təcili yardım göstərməkdir. UNICEF-dən Rania Daqaş bu yaxınlarda "Afrika Buynuzu" bölgəsində insanların həyatını xilas etmək üçün daha çox iş görülməli olduğu barədə xəbərdarlıq etdi.
Qitənin qida və su sistemlərinin gələcək iqlim sarsıntılarına tab gətirmək üçün yenidən qurulması beynəlxalq əməkdaşlıq və kritik olaraq Afrika alimləri, mühəndisləri, fermerləri, maliyyəçiləri, sahibkarları və siyasi liderlərinin rəhbərlik etdiyi yenilik tələb edəcək. Prioritetlərə kənd təsərrüfatı məhsuldarlığının artırılması, məhsul saxlama sistemlərinin təkmilləşdirilməsi və fermerlərin yüksək məhsuldar toxum və gübrələrlə təmin edilməsi daxil edilməlidir. Həmçinin erkən xəbərdarlıq hava sistemləri, daşqın baryerləri və fermerləri ərzaq qıtlığından ən çox təsirlənən ərazilərlə əlaqələndirmək üçün yeni yollar və dəmir yolları qurulmalıdır.
Yeraltı sulara çıxışın genişləndirilməsi başlamaq üçün yaxşı yer olardı. Afrikanın Su Nazirləri Şurasının məlumatına görə, Afrikada yeraltı suların həcmi çay və göllərdən təxminən 20 dəfə çoxdur. Bununla belə, quraqlıqdan əziyyət çəkən Sub-Sahara Afrikasında, hazırda mövcud olan yeraltı suların 5%-indən az hissəsi istifadə olunur. Bunu genişləndirmək və duzsuzlaşdırma zavodlarına investisiya qoymaq regionun quraqlıqlara və digər iqlim şoklarına qarşı dayanıqlığını gücləndirə bilər. Afrikanın əksər ölkələrində yağışlar azalsa belə, onilliklər ərzində kifayət qədər yeraltı su var.
Məsələn, Uqandada yeraltı suların inkişafına investisiyaların ikiqat artırılması ölkənin kənd təsərrüfatının ümumi daxili məhsulunu 7% artıra və 500.000 nəfəri yoxsulluqdan xilas edə bilər. Bu, güclü bir dönüşdür.
Çox vaxt "Qlobal Şimal" Amerika və ya Avropada yaradılan planları dünyanın digər bölgələrinə tətbiq edərək, yuxarıdan aşağıya doğru bir yanaşma tətbiq edir. Lakin Afrikanın qida və su böhranını həll etməyin ən yaxşı yolu yerli şərait, yerli siyasət və yerli imkanlarla bağlı təcrübələrinə əsaslanaraq, afrikalılara öz həll yollarını inkişaf etdirməkdə dəstək olmaqdır. Fermerlərə kənd təsərrüfatı avadanlığının icarəyə verilməsinə kömək etmək üçün nəzərdə tutulmuş və Keniyalı sahibkar tərəfindən yaradılmış Hello Tractor proqramını və ya Nigerin Tech Innov şirkəti tərəfindən temperaturu, torpağın rütubətini və küləyin sürətini avtomatik izləyən və su axınını müvafiq qaydada tənzimləyən tele suvarma sistemini götürün. Böyük ideyalar, bildiyimiz kimi, hər yerdən gəlir. Sadəcə onları eşitməyə açıq olmalıyıq.
2009-cu ildə Kopenhagendə keçirilən COP15-də varlı ölkələr aşağı və orta gəlirli ölkələrdə iqlimlə bağlı tədbirlər üçün 2020-ci ilə qədər hər il 100 milyard dollar sərmayə qoymağı öhdələrinə götürdülər. Artıq bu vədi yerinə yetirməyin və məsuliyyət götürməyin vaxtı gəlmişdir.