Venesuela prezidenti Nikolas Maduro ABŞ hökumətindən bir nümayəndə heyətinin müxtəlif məsələləri müzakirə etmək üçün ölkəyə gəldiyini bildirib. Dövlət televiziyası VTV-yə açıqlama verən Maduro, iki ölkə arasında martın 5-də başlayan danışıqların davam etdirilməsi üçün gündəmdəki məsələlərin qiymətləndirildiyini bildirib. Amerika mətbuatında ABŞ-ın Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan neft böhranını aradan qaldırmaq üçün Venesuelaya qarşı sanksiyaları yumşaltmağı düşündüyü, ABŞ nümayəndə heyətinin Karakasda Maduro ilə görüşdüyü iddiaları yer alıb. Milli Assambleyanın sədri Xorxe Rodrigesin ABŞ-dan gələn nümayəndə heyətini qəbul etdiyini vurğulayan Maduro, "İki saat əvvəl Venesuelaya gələn bu mühüm heyətə hazırda Rodriges ev sahibliyi edir." ifadəsini işlətdi. Ağ Evin sözçüsü Cen Psaki martın 9-da görüşü təsdiqləyib və bildirib ki, ABŞ rəsmilərinin Karakasdakı görüşünün məqsədi “enerji təhlükəsizliyi” və həbsdə olan amerikalıların vəziyyətini müzakirə etməkdir. Maduro ABŞ nümayəndə heyəti ilə danışıqların davam etdiriləcəyini və ölkə müxalifəti ilə kəsilən dialoqun bərpa ediləcəyini açıqlayıb. Prezident Maduro ABŞ hökumətinin nümayəndə heyəti ilə "hörmətli" və "səmimi" görüş keçirdiyini bildirib.